Böyük vəzirin çöküşü

post-img

(Əvvəli https://xalqqazeti.az/az/dunya/163237-boyuk-vezirin-cokusu)

Beləliklə, 1536-cı il martın 15-dən 16-na keçən gecə Osmanlı imperiya­sının böyük vəziri həyatı ilə vidalaşma­lı oldu. Bəzi mənbələrdə göstərilir ki, bunun ardınca onun nəslini kəsmək məqsədilə Parqalının oğlanları da edam edilib. Lakin bu məlumat təs­diqlənməyib. 

Vəzirin ölüsü ilə bağlı da müxtəlif şayiələr dolaşır. Bəziləri iddia edirlər ki, insanlara “dərs olsun” deyə, Parqa­lının meyiti uzun müddət Topqapı sa­rayının darvazalarının önündə qalıb. Başqaları isə deyirlər ki, edamdan dərhal sonra gizli şəkildə dəfn edilib. Bəzi mənbələr də yazır ki, İbrahimin cansız cəsədi qayıqdan Bosforun su­larına atılıb. Baxdığımız serialda isə Süleyman əmr verir ki, vəzirin meyiti­ni gizlincə dəfn etsinlər. Bütün bunları təşkil etməyi sultan vəzirin digər yaxın dostu olmuş Matrakçı Nasux Əfəndiyə tapşırır. Süleyman göstəriş verir ki, dəfn yeri gizlin saxlansın, bu, ancaq bircə ona məlum olsun. 

Bu informasiyanı kifayət qədər məşhur olan bir bədii minüatür də təs­diq edir. Rəsmdə çoxlu insan şəkli var, onlardan bir hissəsi ölmüş vəzirin ta­butunu aparır. Kənarda qalan insanlar əllərində məşəllər bir-birilərinin qulaq­larına nəsə pıçıldayırlar. Buradan belə qənaətə gəlmək olar ki, İbrahimi gecə dəfn ediblər. Sağ tərəfdə, bir qədər kə­narda isə prosesə rəhbərlik edən bir şəxs təsvir edilib. Çox yəqin ki, bu, elə Nasux Əfəndidir. 

Sultanın əmr etdiyi kimi, İbrahim Paşa əsrlərlə yaşı olan ağacların ara­sında dəfn edilir. Qəbir, demək olar ki, elə də diqqət cəlb etmir. Kənardan burada insanın dəfn olunmasını yal­nız məzarın baş tərəfində qoyulmuş daşdan ayırd etmək olardı. Ancaq adi adamları belə dəfn edirdilər. 

Hazırda isə İbrahim Paşanın qəbri İstanbulun Fındıqçı rayonunda, Can­fəda küçəsinin qurtaracağında yerlə­şir. Qəbrin olduğu yerin hər iki tərə­fində çox da hündür olmayan tikintilər var. Sıx meşə zolaqları bu günə qədər də buralarda qalmaqdadır. 

Bu qəbrin Böyük Osmanlı İmpe­riyasının vəzirinə məxsus olmasının necə aydınlaşdırıldığı məlum deyil. Yəqin ki, qəbri açıb, DNK analizi apa­rıblar. Yoxsa, qəbrin üzərində İbrahim Paşanın adı yazılmış lövhəni təsadüf­dən açmazdılar. 

Sultan Süleyman niyə İbrahim Pa­şanı edam etdirib? Buna bir çox sə­bəblər var və məhz o nüanslar böyük vəzir İbrahim Paşanı ölümünə yaxın­laşdırır və Sultan Süleymanı belə bir ağır addım atmağa, ən yaxşı dostunu edam etdirməyə məcbur edib. 

İbrahim Paşa öz titulunu haqlı ola­raq qazanmışdı, ancaq onun karyera pillələrində sürətli yüksəlişini nə saray­da, nə də xalq arasında bəyənirdilər. İmperiyanın vəzirinin ağlasığmaz va­ridatı ilə sultanın ona verdiyi səlahiy­yətlər saysız-hesabsız dedi-qodulara və narazılıqlara səbəb olurdu və bu da Süleymanın nüfuzuna zərbə vururdu. 

İbrahim Paşa xristian kimi anadan olmuşdu və sonradan yeniyetmə vaxt­larında müsəlmanlığa qəbul edilmişdi, amma o, islamın qayda-qanunlarına heç də həmişə əməl etmirdi. Onun Avropa dəyərlərinə ehtiramı xalq küt­lələrinin diqqətindən yayınmırdı. İs­tanbul sakinləri vəzirin əcnəbilərdən öyrəndiyi adətləri və mədəniyyəti fəal şəkildə müzakirə və mühakimə edir­dilər. Dövlətin ikinci şəxsinin sarayında antik “bütlər” qoyulması haqqında olan şayiələr çox sürətlə imperiyanın şəhər və kəndlərini dolaşmağa başlamışdı. 

İbrahim Paşa onun yoluna çıxan “lazımsız adamları” heç də “ədalətli yollar”la aradan götürmürdü. Məsələn, o, Sultanı məcbur etmişdi ki, imperi­yanın xəzinədarı İskəndər Çələbini xəzinənin vəsaitini səmərəsiz xərc­ləməkdə və oğurlamaqda günahlan­dıraraq edam etdirsin, halbuki, heç bir cinayət törədilməmişdi. 

Edam həyata keçiriləndən sonra Süleyman yuxuda xəzinədarın başının arxasında nur olduğunu və onu bo­ğub öldürmək istədiyini görüb hövlnak yuxudan ayıldı. Bundan sonra sultan başa düşdü ki, səhvə yol verib. 

İbrahim Paşanın ölüm tarixçəsin­də, uzun illər böyük vəzirə qarşı çox “incə qəsdlər və intriqalar” hazırlayan məşhur Hürrəm Sultanın da rolu az olmamışdı. O, yorulmadan özünün “düşmən”inin bütün addımlarını izlə­dirdi. Deyirlər ki, məhz Hürrəm İbra­himin məşuqə saxladığını və ondan uşağı olduğunu sultandan gizlətdiyini açmışdı. Məhz, bu fakt imperiya ha­kiminin ən yaxşı dostuna olan inamını sarsıtmışdı. 

Hər bir yeni təyinat İbrahim Paşa­nı daha da qürurlu edirdi. Sultan bunu görür, ancaq vəzirə yeni səlahiyyətlər verirdi. Məsələn, farslara qarşı yürüşü zamanı İbrahim təkcə ali baş koman­dan deyil, həm də “əsgərlərin sultanı” oldu. 

İbrahim Paşa həyatı boyu çox səhvlər etdi. Başqaları bu səhvlərə yol versəydi, dərhal edam olunardı, ancaq sultan daim vəzirini bağışlayırdı. Sul­tanın belə davranmasına tutarlı səbəbi vardı. 

Belə ki, Sultan Süleyman İbrahim Paşanı Osmanlı imperiyasına böyük vəzir təyin edəndə ehtiyatsızlıq edib ona and içmişdi ki, bu hüquqlar və ti­tula layiq görülən şəxs heç vaxt edam edilə bilməz. Buradan görünür ki, sul­tan özü vəzirini həyatı üçün heç bir qorxu olmadığına arxayın salıb, dostu­nun əl-qol açmasına imkan vermişdi. Cəzasızlıq isə İbrahim Paşanı uçuru­ma apardı. 

Ancaq sultan da içdiyi andı belə­cə asanlıqla geri götürə bilməzdi. Ona görə də vəzirin edam edilməsi üçün ona müftinin razılığını (fətva) almaq lazım idi. İslam qanunlarına görə fətva alındı, ancaq Sultan Süleyman bunun müqabilində İstanbulda yeni bir məs­cid tikdirməli oldu. 

...Deyirlər ki, vəzirinin edamından sonra Süleyman çox dəyişibmiş. Yəqin ki, hakimi-mütləq əməlinə peşman olub və özünün haqlı olduğuna şübhə edib. Böyük hökmdar öz hisslərini şe­irlərində də açıq göstərib. Hətta 20 il sonra belə Sultan Süleyman İbrahim Paşa ilə olan dostluğu barədə təsirli şeirlər yazıb və onun xarakterində heç də yaxşı olmayan, onu məhvə aparan bəzi cizgiləri də qələmə alıb. 

İlqar RÜSTƏMOV
XQ



Dünya