Vətənpərvər ruhlu poeziya

post-img

Şair Dayandur Sevgin 1959-cu il fevralın 5-də İmişlidə dünyaya gəlib. Uşaqlığı, ilk gəncliyi həmin rayonun Ağamallar kəndinin bol-bəhrəli, yovşan ətirli çöllərində keçib, aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb, çiling-ağac oynayıb, tərəkəmə həyatı yaşayıb. Elə onun səmimiliyi, istiqanlılığı, şeirinin vətəndaşlıq ətri bu ruhla bağlıdır. 

“Boyuma biçildi dərd”, “Mən bilmirəm ayrıl­mağın yolunu”, “Əllidən o yana yollar yoxuşdur”, “Xoş gəldin 55 yaşım”, “İkinci addım” adlı kitab­ların müəllifi olan Dayandur Sevginin poeziyası millidir, dolğundur, 1-2 misrasını oxuyan kimi diqqət çəkir. Vətən, millət kimi mənəvi dəyərlər Dayandur Sevginin sevgi dolu poetik yaradıcılı­ğının, mənəviyyatının, lirik “mən”inin ana xəttini təşkil edir. Şairin bir şeirini oxuculara təqdim edirik:

Azərbaycan bayrağı 

Millətimin fəxridi, haqqa gedən yoludu,

Koroğlumun qılıncı, Babəkimin qoludu,

Müstəqillik günəşi, Azadlıq simvoludu,

Seyr elə, igid əsgər, dalğalanan bayrağı,

Göylərin göy qurşağı, Azərbaycan bayrağı!

Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası, 

“Balam” deyib ağlama, o – millətin balası!

Vətən yolunda getdi, qurdu qeyrət qalası,

Ucalarda saxlayar, tökülən qan bayrağı,

Göylərin göy qurşağı, Azərbaycan bayrağı! 

Yaşılı İslamçılıq, göyü Turan şanıdı,

Qırmızı, Vətən oğlu, şəhidlərin qanıdı,

Ümummilli liderin bizə ərmağanıdı,

Oğullardı ucaldan, ata sancan bayrağı,

Göylərin göy qurşağı, Azərbaycan bayrağı! 

Tanrıdan səda gələ, yazdığın haqqa yaza,

Mələklər səcdə edə, bu Aya, bu ulduza,

İgid oğlanlarımız, sevdiyi gözəl qıza,

Atsın zərif çiyninə, versin nişan bayrağı,

Göylərin göy qurşağı, Azərbaycan bayrağı! 

Azadlığın yanğısı alışar, sönməz dedi,

Millətim haqq yolundan, heç zaman dönməz dedi,

Bir dəfə qalxan bayraq, bir daha enməz dedi,

Endirmərik bir daha işıq saçan bayrağı,

Göylərin göy qurşağı, Azərbaycan bayrağı! 

Könlümdə göyərəni Qarabağda bitirsin,

Dalğalansın, arzumu Savalana yetirsin,

Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,

Düşmənlərin köksünü oda yaxan bayrağı,

Göylərin göy qurşağı, Azərbaycan bayrağı! 

Hayqırır azad ölkəm tiranlara, şahlara,

Son qoyulsun deyirik zülmlərə, ahlara,

Qaranlıq gecələrdən, işıqlı sabahlara,

Oyatsın səhər mehi, oxşasın dan bayrağı,

Göylərin göy qurşağı, Azərbaycan bayrağı! 

Gözəldi qarlı qışı, həm də yazı Vətənin,

Qəriblikdə bilinər dadı-duzu Vətənin,

Uğrunda şəhid olaq, ya da qazi Vətənin,

Yolunda verək qurban, qorusun can bayrağı,

Göylərin göy qurşağı, Azərbaycan bayrağı!

Dayandur SEVGİN

Sosial həyat