Fidan: Qəzzada müharibəni bitirmək üçün tarixi məsuliyyətimiz var

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzədəki vəziyyətlə bağlı iclasında deyib: “Qəzzada və ondan kənarda davam edən müharibə nə sülh, nə də təslimçilik gətirə bilər. Bu müharibəni bitirmək üçün bizim tarixi məsuliyyətimiz var”.

“Anadolu”nun məlumatına görə, XİN başçısı BMT Təhlükəsizlik Şurasında təşkil olunan Fələstinlə bağlı yüksək səviyyəli sessiyada çıxış edib.

Qəzzada humanitar dağıntıların böyük miqyas aldığını vurğulayan nazir, təcili atəşkəsə və bölgəyə humanitar yardımların sürətlə çatdırılmasının vacibliyinə diqqət çəkib: “Biz bu müharibəyə son qoymaq üçün tarixi məsuliyyət daşıyırıq”, - deyə nazir bildirib.

Fidan beynəlxalq ictimaiyyətin hələ də Qəzzada və İordan çayının qərb sahilində axan qanı dayandıra bilmədiyini qeyd edərək deyib: “Qəzza açıq hava həbsxanası idi. İndi o, İsrail baş nazirinin siyasi sağ qalmasını uzatmaq üçün hərbi əməliyyatlar təşkil etdiyi və mülki insanları öldürdüyü müharibə zonasına çevrilib”.

BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında növbəti dəfə uğursuzluğa düçar olduğunu qeyd edən Türkiyənin xarici işlər naziri vurğulayıb: “İsraillilər və fələstinlilər arasında sülhü təmin edəcək və ona nəzarət edəcək qarant mexanizmin yaradılması çağırışımızı bir daha təkrar etmək istərdim”.

P.ƏMİRCANOV

XQ

Dünya