N.Bor L.Landaunu necə xilas etmişdi?

post-img

I yazı

“Facebook”da dostluğumda olan “Hikmət akademiyası” adlı so­sial şəbəkə izləyicisi dahi danimar­kalı fizik, kvant nəzəriyyəsinin yara­dıcılarından biri, 1922-ci ildə fizika üzrə Nobel mükafatçısı Nils Borun (1885-1962) yüksək insani keyfiyyət­ləri barədə maraqlı paylaşım edib. Orada yazılır: 

“Nils Borun atası dövrünün görkəmli fiziklərindən olub. Nils hələ məktəbdə oxuyarkən atasının fizika və fəlsəfə üzrə dostları hər cümə axşamı Bor ailəsinin qonağı olardılar. Alimlər hər dəfə elm dünyasında baş verənləri qızğın müza­kirə edərdilər. Nils və qardaşları isə bir küncdə oturaraq bu söhbətlərə sonsuz maraqla qulaq asardılar. 

Qəribəsi budur ki, özlərinin qaynar diskussiyalarından baş ayırmayan yaşlı elm adamları onların bir neçə addımlı­ğında Danimarka elminə dünya şöhrəti gətirəcək balaca Nils Bor olduğunun fərqində olmayıblar...

Maraqlıdır ki, gənclik illərində gənc Nilsi ölkəsində fizikdən daha çox, iste­dadlı futbolçu kimi tanıyırdılar. 1922-ci ildə Nobel mükafatı alanda yerli qəzetlər hətta belə bir başlıqla çıxmışdı: “Məşhur futbolçu Nobel mükafatı aldı”. Lakin qə­zetdə dərc olunmuş məqalədə N.Borun Nobel mükafatını nəyə görə, futbola və ya digər hansısa başqa işə görə aldığı belə məlum deyildi. 

Sovet İttifaqında 1937-ci ilin repres­siyalarına məruz qalmış görkəmli fizik Lev Landau (yeri gəlmişkən Bakıdan anadan olub–red.) 1938-ci il aprelin 17-də təhlükəsizlik orqanları tərəfin­dən saxlanılmışdı. Landaunun həbsini eşidən Bor dəhşətə gəlir və alimin fizi­ka, bütövlükdə, dünya elmi üçün son dərəcə əhəmiyyətli şəxs olduğu barədə Stalinə məktub göndərərək Landaunun həbsdən azad olunmasını xahiş edir. Məhz Borun müraciətindən sonra Lan­dau 1939-cu il aprelin 29-da azadlığa buraxılıb. Bu, o dövr üçün görünməmiş bir hadisə idi. 

Borun Landauya dəstəyi sonrakı il­lərdə də davam etmişdir. Onlar ailəvi dost olmuşlar. Danimarkalı fizik 1961-ci ildə Sovet İttifaqına səfərə gələndə Lan­dau ilə birlikdə bir çox tədbirlərdə iştirak etmişdilər. Yeri gəlmişkən, sizə təqdim edilən fotoda dahi fiziklərin Moskva Döv­lət Universitetində tələbələrlə görüşü əks olunub. 

Qeyd etmək lazımdır ki, N.Bor, öz növbəsində, L.Landaunun elmi yaradıcı­lığına böyük təsir göstərmişdir. Təsadüfi deyil ki, L.Landau ömrünün sonuna kimi Boru özünə müəllim hesab etmişdir. 

Dahi alim bütün həyatı boyu iste­dadlı gənclərə diqqət və qayğı göstərib. Landau bir dəfə bununla bağlı Bora belə bir sualla müraciət edib: 

– Sizin öz ətrafınıza çox sayda yara­dıcı nəzəriyyəçiləri cəlb etməyinizin sirri nədir? 

Bor belə cavab verib: 

– Hansısa xüsusi bir sirr yoxdur, sa­dəcə, biz gənclər qarşısında ağılsız gö­rünməkdən qorxmuruq. 

Təqdim etdi:
M.HACIXANLI
XQ

Dünya