Dünyaca məşhur musiqiçi, bəstəkar, əfsanəvi “Boney M” qrupunun qurucusu Frank Farian 83 yaşında vəfat edib. Xarici medianın məlumatına görə, o, Mayamidəki evində dünyasını dəyişib.
Xatırladaq ki, bəstəkar 1961-ci ildə öz musiqi qrupunu yaradıb və onunla yerli restoranlarda, rəqs klublarında çıxış edib. Frankın şöhrət bioqrafiyası 1964-cü ildə Hamburqda beynəlxalq rok festivalında uğurlu iştirakından başlanıb. O, 1968-ci ildə solo karyerasına start verib. 1970-ci illərin ortalarından isə F.Farian pop musiqiyə daha çox diqqət yetirib. Onun əsl populyarlığı da bundan sonra başlanıb.
Frank “Rasputin” və “Daddy Cool” kimi, “Boney M” qrupunun da hitlərinin müəllifidir. Bundan əlavə, o,“Farian”, “Eruption”, “Precious Wilson”, “Far Corporation”, “Milli Vanilli”, “La Bouche” daxil olmaqla bir neçə başqa pop layihələrini də gerçəkləşdirib.
Frank 2022-ci ildə ürək əməliyyatı keçirmişdi. Ona donuz ürəyinin klapanı qoyulmuşdu. Onun ölüm səbəbi açıqlanmayıb.
Frankın qurucusu olduğu “Boney M” qrupu ona dünya şöhrəti qazandırmışdı. Ötən əsrin 70–80-ci illərində rok, pop kimi musiqilərə keçmiş SSRİ-də bayağı sənət damğası vurularaq məhdudlaşdirilsa da, Frankın əfsunedici hitləri və “Boney M”in coşğulu çıxışları ölkənin hər yerində yayılır və sevilirdi.
XQ

