Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov yanvarın 19-da bildirib ki, Suriya üzrə Astana formatında növbəti danışıqlar yanvarın 24-25-də Qazaxıstanın paytaxtında keçiriləcək. Məlumatı “İzvestiya.ru” verib.
“Astana prosesi çərçivəsində Suriya üzrə iyirmi birinci beynəlxalq toplantı yanvarın 24-25-də Qazaxıstanın paytaxtında keçiriləcək. Zəmanətçi ölkələrin kollektiv müraciətinə uyğun olaraq danışıqlar bərpa edilib”, - deyə o, jurnalistlərə bildirib.
Bundan əvvəl, keçən il sentyabrın 28-də Türkiyənin müdafiə naziri Yaşar Gülər ölkəsinin Rusiya, Suriya və İranın müdafiə nazirləri ilə danışıqlara hazır olduğunu bildirmişdi. O qeyd etmişdi ki, danışıqlar prosesində iştirak edən tərəflərin hər birinin öz problemləri var və onlar həll edilir.
Avqustun 1-də isə Rusiya Beynəlxalq Məsələlər Şurasının elmi direktoru Andrey Kortunov Suriya nizamlanması üçün Astana formatının potensialının tükənmədiyi barədə fikir bildirib.
P.ƏMİRCANOV
XQ