Ərdoğan MİT-in 97-ci ildönümündə çıxış edib

post-img

Türkiyə “qlobal şahmat taxtası”nda nüfuzlu bir güc və aparıcı oyunçu kimi mövqeyini günü-gündən gücləndirir.

Bunu Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) yaranmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə xüsusi xidmət orqanları PKK terror təşkilatı liderlərinin İraqın şimalında və Suriyada fəaliyyətini iflic etməyə nail olub. Türkiyə hədəflənmiş kəşfiyyat əməliyyatları ilə Suriya və İraqdakı qondarma PKK rəhbərliyini zərərsizləşdirib: “Suriya və İraqda məqsədyönlü kəşfiyyat əməliyyatları ilə qondarma PKK rəhbərliyinin gizləndikləri yerlərdən çıxmasını qeyri-mümkün etdik”. 

Türkiyə lideri deyib ki, Türkiyə ölkənin milli təhlükəsizliyini təhdid edən İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına qarşı barışmaz mübarizəsini davam etdirəcək. Onun sözlərinə görə, İsrailin ölkədəki casus şəbəkəsini ifşa etməklə Milli Kəşfiyyat Təşkilatı “Türkiyəni təhdid edənlərə çox aydın cavab verib”. “Bu, ilk addımdır. Türkiyəni hələ tanımırsansa, deməli, tanımalısan”.

Türkiyə lideri əlavə edib ki, Ankara Türkiyənin regional böhranlarda, xüsusən də Qəzza zolağındakı qətliamla bağlı ədalətli və aydın mövqeyinin bəzi dairələrin planlarını puça çıxardığını bilir.

P.ƏMİRCANOV
XQ

Dünya