Rusiya–Ukrayna müharibəsi: “Görək kim-kimi yordu...”

post-img

Rusiya–Ukrayna müharibəsi özünün ən gərgin dövrünə qədəm qoyub. Son gün­lər olduqca geniş ərazi boyu uzanan cəbhənin bütün təmas xətti boyu döyüşlər intenvsiv xarakter almağa başlayıb. Görünən budur ki, hər iki tərəf Yeni il ərəfə­sində kiçik də olsa, qələbə qazanmağa cəhdlər edir. 

UNİAN agentliyi xəbər verir ki, hazır­da ən gərgin vəziyyət Donetsk vilayətinin Marinka yaşayış məntəqəsi ətrafında ya­ranıb. Rusiya mühüm strateji əhəmiyyət kəsb edən bu şəhəri artıq ələ keçirdiyini iddia edir. Ukrayna rəsmiləri bunu təkzib edirlər və orada hələ də amansız döyüş­lərin getdiyini bildirirlər. 

Dünən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Marinka şəhərinin bir hissəsi onun həmvətənlərinin nəzarətindədir. O, həmçinin ağır bombardmanlar nəticəsin­də şəhərdə bir dənə də olsun salamat bina qalmadığını vurğulayıb. Danilovun sözlərinə görə, Marinkada dağıntılar Bax­mutda olduğundan da çoxdur. 

Bu arada Ukrayna Silahlı Qüvvələri­nin “Tavriya” əməliyyat-strateji qoşun qru­punun komandiri, general Aleksandr Tar­nevski BBC-yə müsahibəsində bildirib ki, 2024-cü il Ukrayna üçün daha çətin il ola bilər. Onun sözlərinə görə, mövcud re­surslar müharibəni dabam etdirmək üçün kifayət deyil: “Kiyevə döyüş meydanında uğur qazanmaq üçün əlavə qüvvələr və vasitələr lazımdır”.

A.Tarnevskinin fikrincə, ərazilərin mi­nalarla “bol olması” da əks-hücum əməliy­yatlarına mənfi təsir edir: “Rusiya dünya­nın ən güclü ordularından birinə malikdir. Onun müdafiəsi bir yox, bir neçə xətdən ibarətdir. Qarşı tərəf bu müdafiə xətlərini bir ayda deyil, bizim hücum hərəkətlərinə hazırlaşdığımız dövrdə yaradıb”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan geniş əks-hücum əməliyyat­ları keçirir. Lakin bu məqsədlə aparılan döyüşlər gözləntiləri doğrultmayıb. Bəzi mənbələr müharibənin hətta illərlə davam edəcəyini ehtimal edirlər.

Hazırda bu dağıdıcı müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırmaq çox çə­tindir. Tərəflər güzəştə getmək barədə danışmaq belə istəmirlər. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bü­tövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Moskva da öz hərbi planlarında israrlıdır. 

Lakin son aylar Qərbin Ukraynaya hərbi və maliyyə dəstəyi azalmağa baş­layıb. Məlumdur ki, ABŞ Senatı Ukrayna üçün 61 milyard dollarlıq yardım paketi­nin müzakirəsini növbəti ilə saxlayıb. Si­lah-sursat sarıdan da Kiyevin çətinlikləri yaranıb. 

Ukrayna Prezidenti Volodimir Zelen-ski bir müddət əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Bu bəyanat daha çox xəbərdarlığa bən­zəyir. Bunu nəzərə alaraq, Avropa İttifaqı (Aİ) Ukraynaya 20 milyard avro məb­ləğində maliyyə yardımı göstərmək üçün ehtiyat plan hazırlayır. Bu barədə nüfuzlu “Financial Times” qəzeti bir çox etibarlı mənbələrə istinadən məlumat yayıb.

Məqalədə, həmçinin qeyd olunur ki, Macarıstanın Baş naziri Viktor Orbanın dekabrın ortalarında Aİ-nin sonuncu sam­mitində 2024–2027-ci illər ərzində Ukray­naya 50 milyard avro ayrılmasını nəzərdə tutan icmal büdcəsinə düzəlişin qarşısını almasından sonra bu istiqamətdə yeni maliyyə variantları axtarılır. Bunun üçün isə müəyyən vaxt lazımdır. 

Yeri gəlmişkən, müzakirə olunan yeni sxem Aİ üzvlərinin qurumun büdcəsinə maliyyə zəmanəti verməsini nəzərdə tu­tur ki, bu da Avropa Komissiyasına (AK) Kiyev üçün kapital bazarlarından 20 mil­yard avro borc almağa imkan verəcək. Bu sxemin əsas üstünlüyü ondan ibarətdir ki, o, Aİ-nin bütün üzvlərinin razılığını tələb etmir, yəni, Budapeştdən yeni veto riskini aradan qaldırır. 

Bununla belə, “Financial Times” nəşri qeyd edib ki, Almaniya və Niderland kimi bəzi ölkələrin bu cür zəmanətlər vermək üçün parlamentin təsdiqinə ehtiyacı ola­caq. Bu planla bağlı qərar hələ fevralın 1-də keçiriləcək sammitdə verilə bilər və Brüssel ümid edir ki, vəsait 2024-cü ilin martına qədər Kiyevə çatmalıdır.

Göründüyü kimi, Ukraynanın yaxın günlər və həftələr ərzində əlavə maliyyə yardımları əldə etmək imkanları məhdud­dur. Müharibədə isə hər saat, hər gün bö­yük vəsaitlər xərclənir. Napoleon deyirdi ki, hər bir müharibəni udmaq üçün üç şey tələb olunur: pul, pul və yenə də pul!

Bir çox ekspertlərin fikrincə, Rusiya–Ukrayna müharibəsinin nəticəsini resurs­lar müəyyən edəcək. Hansı tərəfin hərbi və əsgəri resursları çoxdursa, təbii ki, onun uğur qazanmaq şansı da böyükdür. Rusiyanın, yoxsa Ukraynanın resursları daha tez tükənəcək? Bu məchulun cava­bını isə əlahəzrət Zaman verəcək! 

P.ƏFƏNDİ,
M.HACIXANLI
XQ

Dünya