Ərdoğan Avropanın “ən məşhurları” sırasında

post-img

Amerikanın “Politico” nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “2024-cü ildə Avropanın ən nüfuzlu adamları” sırasına daxil edib. Nəşr gələn il “Avropanın siyasi həyatını formalaşdıracaq” 28 nəfərin siyahısını dərc edib. Məlumatı “Anadolu” yayıb. 

Siyahıdakı bütün şəxslər üç kateqo­riyaya bölünür. Türkiyə lideri “işləyənlər” kateqoriyasında beşinci yeri tutub. Nəş­rin saytındakı profildə qeyd olunur ki, Ərdoğan uzun müddətdir, özünü “güclü geosiyasi lider” kimi göstərməyə çalışır. Nəşr siyasətçinin 2016-cı ildə uğursuz çevriliş cəhdindən sağ çıxdığını xatırla­dıb. Materiala görə, Ərdoğan “son vaxt­lar iki böyük geosiyasi böhrandan ən çox faydalanıb: Rusiya–Ukrayna müharibəsi və İsraillə HƏMAS arasındakı münaqişə.

Nəşr göstərir ki, Ərdoğan həm Krem­llə, həm də Ukrayna prezidentinin admi­nistrasiyası ilə əlaqə saxlayan azsaylı siyasətçilərdən biridir. Məqalədə qeyd olunur ki, Türkiyə Prezidenti Rusiya Fe­derasiyası ilə Ukrayna arasında silahlı münaqişənin sülh yolu ilə həllində vasitə­çilik rolunu öz üzərinə götürüb.

Türkiyə dövlət başçısının Qara Də­niz Taxıl Təşəbbüsünün müəllifi olduğu və taxıl sazişinin müddətinin uzadılması üçün mühüm səylər göstərdiyi də xüsu­silə vurğulanıb.

Türkiyə Prezidentinin İsraillə HƏMAS arasındakı münaqişə fonunda vasitəçilik missiyasını üzərinə götürdüyü də qeyd edi­lir. Nəşr yazır ki, Ərdoğan İsrail Prezidenti İsaak Hersoq, Fələstin Prezidenti Mahmud Abbas, eləcə də Misir, Livan və Qətər lider­ləri ilə təmaslar yolu ilə vəziyyətin deeska­lasiyasına nail olmaq istəyib.

“Politico” qeyd edir ki, vəziyyətə uy­ğun olaraq, Ərdoğan Fələstin tərəfdarı kimi mövqe nümayiş etdirib, İsraili “işğal­çı” adlandırıb və “Qəzza qətliamının əsl günahkarı Qərbdir” deyib.

Nəşr, eyni zamanda, yazır ki, Ərdo­ğan “özünü Avropa İttifaqının orbitinə qaytarmağa çalışıb” və Türkiyənin Aİ-yə üzvlük prosesini “durğun vəziyyətdən” çıxarmaq üçün İsveçin NATO-ya daxil olması məsələsindən “istifadə edib”. Vurğulanır ki, Türkiyənin Aİ-yə üzvlük məsələsi hazırda masada olmasa da, “Aİ rəsmiləri Ərdoğanla əməkdaşlığı geniş­ləndirmək yollarını axtarırlar”. Bu, “Tür­kiyə liderinin növbəti geosiyasi qələbəsi” kimi qiymətləndilir.

Paşa ƏMİRCANOV
XQ

Dünya