Mingəçevir Şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq, yaşayış massivlərində aparılan əsaslı təmir işlərinə ictimai baxış keçirilib.
Şəhərin 127-ci məhəlləsindəki 34, 36, 38, 40 nömrəli yaşayış binalarında, həyətlərdə və digər ərazilərdə genişmiqyaslı yenidənqurma aparılır. İctimai baxış 34 nömrəli binada aparılan işlərlə tanışlıqla başladı. Burada kanalizasiya xəttinin yenilənməsi sona çatıb, ərazidə oturacaqlar qoyulub, səki daşları səliqəyə salınıb. Binanın giriş hissələrində təmir işləri ilə yanaşı, plastik şüşəbəndlər, seyf qapıları qoyulub, divarlar suvanaraq rənglənib. Sakinlərin arzu və istəyinə uyğun olaraq, binaların fasad hissələri diqqəti cəlb edən tərtibata uyğunlaşdırılıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov işlərin operativ və keyfiyyətlə görülməsini ciddi nəzarətdə saxlayır. Elə həmin yaşayış məhəlləsindəki 36, 38, 40 nömrəli binalarda işlər səqilə ilə aparılsa da, qarşıya bəzi problemlər çıxdığından icra başçısı su-kanal idarəsinin, kommunal xidmət idarələrinin rəhbərlərinə əlavə göstərişlər verdi. Bu göstərişlər əsasən ağacların suvarılması üçün su xətlərinin nizamlanması, ağacların budanması və s. ilə bağlı idi.
Xətai küçəsindəki 9 və 11 nömrəli yaşayış binalarına baxış zamanı məlum oldu ki, bu binalarda müəyyən işlər görülsə də, kanalizasiya sistemi tam bərpa olunmayıb. Yəni, binanın zirzəmisi ilə ümumi kanalizasiya xətti arasında birləşmə bərpa olunmayıb. Bununla da bağlı təcili tapşırıq verildi.
Aydın Məmmədov küçəsindəki 7a nömrəli binanın qarşısında yaradılmış idman meydançası, uşaq əyləncə sistemi diqqəti cəlb edirdi. Bura, sözün əsl mənasında, sakinlərin istirahəti üçün gözəl məkana çevrilib. Baxış zamanı sakinlər şəhər rəhbərinə yaxınlaşaraq aparılan abadlıq-quruculuq işlərinə görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər. İcra Hakimiyyətinin başçısı ölkə idarəetməsində sosial yönümlü siyasətə prioritet verildiyini bildirdi və sakinləri əmin etdi ki, şəhərdə bu qəbildən olan işlər ardıcıl davam etdiriləcək. Buna görə də hamılıqla abadlıq işlərində fəallıq göstərmək və şəhərin tərəqqisinə töhfələr vermək əzmində olmalıyıq.
Qeyd edək ki, hazırda Mingəçevirin N.Nərimanov, C.Əliyev, Y.Mənsurov, Naxçıvan və bir sıra digər küçələrində də bərpa-quruculuq işləri uğurla həyata keçirilməkdədir.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Mingəçevir


