SSRİ-yə “məzar qazan”ın da məzar növbəsi çatdı

post-img

ABŞ-ın “diplomatiya akademiki” Henri Kissincer 100 yaşında vəfat edib 

Amerikalı dövlət xadimi, diplomat, beynəlxalq münasibətlər sahəsində məşhur ekspert, Misirin İsraili tanımasını təmin edən, “Təhlükəsiz irrasionallıq” doktrinasının müəllifi, ABŞ və SSRİ arasındakı nüvə mübarizəsinin təməlini atan siyasət professoru Henri Kissincer həm də Sovet İtifaqını süquta aparan ssenarinin müəlliflərindən biri kimi tanınırdı. 

1923-cü il mayın 27-də Almaniyanın Bavariya əyalətinin Fyurt şəhərində din­dar yəhudi aləsində anadan olan Henri Alfred Kissincer 1938-ci ildə Birləşmiş Ştatlara mühacirət edib. 

ABŞ-nin Luiziana ştatında məskun­laşan Kissincer burada onun kimi Alma­niyadan mühacirət etmiş Fris Kremerlə tanış olur. Hərbi tarixçi Teodor Draper ya­zır ki, gənc Henrinin siyasi və intellektu­al cəhətdən formalaşmasında Kremerin müstəsna xidmətləri olub. Orduda xidmət edən, Harvard Universitetinin məzunu olan, beynəlxalq münasibətlərə dair yaz­dığı kitablar H.Kissinceri ABŞ-nin siyasi dairələrində məşhurlaşdırıb, respublikaçı prezidentlərin iki administrasiyasında iş­ləməsinə yol açıb. 

Amma Henri Kissincerin gələcək si­yasi bioqrafiyasında Nyu-York ştatının qubernatoru Nelson Rokfeller əhəmiy­yətli rol oynayıb. Kissincer Respublika­çılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən (1960, 1964, 1968) Rokfellerin məsləhətçisi qismində çalışıb. Tarixçilər Nelson Rokfelləri Kis­sincerin “ikinci patronu” adlandırırlar. 

1968-ci ilin sonunda ABŞ-nin yeni prezidenti Riçard Nikson Henri Kissince­ri özünün milli məsələlər üzrə müşaviri postuna təyin edir. Bu dövrdən etibarən Kissincerin Ağ evin dəhlizləri ilə siyasi karyerasının “uğurlu marafonu” başla­yır. Prezidentin köməkçisi vəzifəsində çalışanda da, o, Rokfellerlə əlaqəni kəs­məmiş, zəngin ailəyə məxsus “Rokfeller Qardaşları Fondu”nun idarə heyətinin üzvü, “Chase Manhattan Bank”ın məs­ləhətçisi kimi qalırdı. 

* * *

Ümumiyyətlə, H.Kissincer İkinci Dünya müharibəsindən sonra ABŞ-nin ən bacarıqlı və nüfuzlu dövlət katibi hesab olunur. O, prezident Nikson iste­fa verdikdən sonra Ağ evin yeni sahibi Cerald Fordun administrasiyasında eyni zamanda həm müşavir, həm də ABŞ-nin Dövlət katibi kimi çalışıb. Məhz Kissin­cerin diplomatik qabiliyyəti və uzaq­görənliyi sayəsində Birləşmiş Ştatlar xarici siyasətdə uğurlu addımlar atıb. 39 yaşında konfliktologiya üzrə profes­sor dərəcəsinə layiq görülmüş, siyasi dairələrdə “diplomatiya akademiki” ləqə­bini qazanmış Henri Kissincerin 1971-ci ildə apardığı gizli danışıqlar nəticəsində Prezident Niksonun Pekinə tarixi səfə­ri təşkil edilib və ABŞ və Çin arasında münasibətlər normallaşıb. H.Kissincer Sovet İttigfaqı ilə də münasibətlərin nor­mallaşdırılmasının tərəfdarı idi. Onun SSRİ-nin o dönəmdəki rəhbərliyi ilə apardığı dialoqlar iki supergüc arasın­da münasibətlərin yumşalmasına səbəb oldu və ən önəmlisi, nüvə silahlarına nə­zarətə dair ikitərəfli sazişlər imzalandı.

Bundan başqa, H.Kissincerin Şimali Vyetnamla uzun sürən sülh danışıqla­rının təşkilində və aparılmasında şəxsi xidməti danılmazdır. ABŞ ordusunun Cənubi Vyetnamdan çıxarılması ilə so­nuclanan səylərinə görə, Henri Kissincer 1973-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb.

* * * 

Onun Ağ evdə sonuncu vəzifəsi Pre­zidenti Barak Obamanın Xarici siyasət məsələləri üzrə baş müşaviri postu oldu. 

Sonralar adı SSRİ-nin çökdürülməsi layihəsinin “ssenari müəlliflərindən” biri kimi hallanan diplomat həm də Corcs­taun Beynəlxalq Münasibətlər İnsti­tutunda tələbələrə siyasi mühazirələr oxuyurdu.

Sonda onu da qeyd edək ki, məhz Henri Kissincerin respublikaçı Prezident Corc Buşa təsiri səbəbindən ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş 2002-ci ilin yanvarında qü­vvədən salınıb. 

Henri Kissincer noyabrın 29-da ax­şam saatlarında Konnektikut ştatındakı evində dünyasını dəyişib.

 

İ.HƏSƏNQALA
XQ

Dünya