Qoca və qadın...

post-img

Bir də qocalacağını ağlına gətirməyən gənclər

Növbəti dayanacaqda avtobusa 70 yaşlarında bir qoca kişi mindi. Kartla ödənişdən sonra yıxıla biləcəyindən ehtiyat etdiyi üçün oturacaqlardan tuta-tuta salonun ortasına tərəf getdi. 

Boş yer yox idi. Bir neçə cavan və orta yaşlı sərnişin isə ayaq üstə durmuş­du. Qoca bu marşrutla hər gün işə ge­dib-gəlir. Son vaxtlar ona və başqa yaşlı insanlara nəqliyyatda az-az hallarda oturmağa yer təklif edirlər. 

Qoca bu dəfə də ayaq üstə durmalı olacaqdı. Amma bir qədər nasaz idi, ürə­yindən keçdi ki, kaş, qarşıdakı dayana­caqlarda sərnişinlərdən düşən olaydı... 

O, belə hallarda hər dəfə “zəmanə çox dəyişib, axı biz vaxtilə bunların ata-babalarına yer verərdik”, – deyə ürəyində cavanları qınayardı, amma giley-güzarını heç vaxt dilə gətirməz və bunu büruzə verməzdi. Bəzən hətta qəlbində gənclərə haqq qazandırmağa çalışaraq düşünərdi: “Bəlkə də tələbə­dirlər, imtahana gedirlər, ola bilər ki, gecəni yatmayıb dərslərini hazırlayıb­lar”.

Bu arada 30–35 yaşlarında bir gənc qadın yerindən qalxıb qocaya yaxınlaşdı və təkidlə onun yerində oturmasını xahiş etdi. 

Kişi qəti etiraz etdi:

– Qızım, sən nə danışırsan, mən xa­nımların yerində otura bilmərəm. 

– Yox, ağsaqqal, sizdən çox xahiş edirəm. Mütləq əyləşin. 

Qoca hiss etdi ki, onun bu təklifdən imtina etməsi gənc xanımın xətrinə deyə­cək. Əyləşdi və dərindən köks ötürdü. Avtobusdakılar bu səhnəni gözücü mü­şahidə etsələr də, heç kim qımıldanmadı. 

Gözünü bahalı mobil telefonuna zil­ləyən yeniyetmə oğlan isə yanındakı xanım sərnişinin öz yerini qocaya ver­məsinin fərqində deyildi. O, telefona qoşulmuş qulaqcıqlar vasitəsilə hansısa yeni yumoristik səhnəciyin “dadını çıxa­rırdı”. 

İki-üç dayanacaqdan sonra qocaya yer verən xanım düşməyə hazırlaşaraq avtobusun “stop” düyməsini basdı. Avto­bus dayanacağa çataçatda idi. 

Bu an gənc xanım qocaya yaxınlaşıb onun qulağına pıçıldadı:

– Əmi, siz mənim atama çox oxşayır­sınız. 

– Atanız sağdır?

Xanım kövrək səslə cavab verdi: 

–Yox, bir həftə əvvəl dünyasını dəyi­şib...

– Allah rəhmət eləsin! 

– Ölənlərinizə rəhmət! 

Xanım avtobusdan düşdü və iti ad­dımlara irəli gedərək kütlənin içində göz­dən itdi. 

Qoca ətrafa göz gəzdirdi və bu an hiss etdi ki, avtobusdakılar onun üçün yenidən yadlaşıblar. 

 

M.HACIXANLI
XQ

Sosial həyat