Türkiyə və Belarus XİN başçılarının görüşü

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada belaruslu həmkarı Sergey Aleynik ilə görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki hesabında yer alan mesajda deyilir. Məlumatı “Anadolu” verib.

Türkiyə XİN-dən verilən məlumata görə, danışıqların mərkəzi mövzularından biri Qəzza zolağında baş verən humanitar fəlakət olub. Hakan Fidan vurğulayıb ki, İsrail təcavüz yolu ilə təhlükəsizliyini təmin edə bilməyəcək. O, həmçinin beynəlxalq ictimaiyyətin “fələstinlilərin məruz qaldığı zülm və zorakılığa” məhəl qoymamasının qəbuledilməz olduğuna diqqət çəkib.

O qeyd edib ki, Türkiyə Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək və bölgədə uzunmüddətli sülhə nail olmaq üçün erkən və tam atəşkəs üçün fəal addımlar atır.

Tərəflər həmçinin regional məsələləri və ikitərəfli münasibətlərin vəziyyətini müzakirə ediblər. Fidan qeyd edib ki, Rusiya-Ukrayna arasında münaqişə “beynəlxalq hüquq əsasında bitməlidir”. Türkiyə tərəflərin istəyi olarsa, Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır. Onun sözlərinə görə, müharibənin davam etməsi həm regional, həm də qlobal səviyyədə mənfi nəticələrə səbəb olacaq. Türkiyə sülhün bərqərar olması üçün bundan sonra da lazım olan bütün səyləri göstərəcək.

P.ƏMİRCANOV
XQ

Dünya