Yaxın Şərq: HƏMAS–İsrail müharibəsi davam edir

post-img

Dünya birliyi Qəzzada zorakılıqlardan narahatdır

Qəzzadakı xəstəxanalarda hazırda yüzlərlə fələstinli pasiyent müalicə olunur. Bu tibb müəssisələrində çalışan həkimlərin sözlərinə görə, İsrail hərbçiləri xəstələrin təcili surətdə təxliyyə olunmalarını tələb etsələr də, pasiyentlərin ağır durumu buna imkan vermir. 

BMT-nin Fələstin qaçqınları ilə bağ­lı yardım agentliyinin əməkdaşı BBC müxbirinə bildirib ki, İsrailin çox sayda tank və digər zirehli texnikası Qəzzanın şimal və cənub istiqamətlərindəki bü­tün yolları bloklayıblar. Qəzzada əha­linin vəzyyəti indi fəlakət səviyyəsində dəyərləndirilir. 

Dünən BBC-nin Qəzzada olan müx­biri bildirib ki, Qəzza indiyə kimi gö­rünməmiş miqyasda və intensivlikdə bombardmana məruz qalıb. Ölənlərin sayı dəqiq bilinmir. HƏMAS-ın səhiyyə nazirliyi bildirib ki, oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində 8 mindən çox adam həlak olub, onların arasında 3 mindən çox uşaq var. 

HƏMAS yaraqlılarının 7 oktyabr qəfil hücumu zamanı İsrailin 1400-dən çox vətəndaşı həlak olub. İki yüz nəfərə yaxın dinc sakinin isə girov götürüldü­yü bildirilir. Müharibə başlayandan bəri İsrail Müdafiə Ordusunun 312 hərbçisi ölüb, 239 hərbçi yaraqlılara əsir düşüb.

Bu arada İsrail Müdafiə Qüvvələri­nin sözçüsü Daniel Haqari jurnalistlərə açıqlamasında söyləyib ki, onlar gecə boyu Qəzzaya girən hərbi qüvvələ­rin sayını artırıblar və yeni göndərilən hərbçilər artıq orada döyüşənlərə qo­şulub. O, həmçinin Qəzza zolağında yerüstü hərbi əməliyyatların miqyasını genişləndirəcəklərini açıqlayıb.

Bundan başqa, CNN-in məlumatı­na görə, artıq İsrail Silahlı Qüvvələrinə məxsus tanklar Qəzza şəhəri ətrafın­da görünüb. Bildirilib ki, zirehli texnika Qəzza zolağının şimal hissəsini cənub­la birləşdirən yolu kəsib.

Eyni zamanda, İsrail aviasiyası Qəz­zadakı yaraqlıların gizləndikləri ehtimal olunan obyektlərə zərbələr endirməkdə davam edir. Hər gün, demək olar ki, yüzlərlə ev dağıdılır. Dağıntılar altında qalan sakinlərin dəqiq sayını müəyyən etmək isə çətindir. 

Hərbi əməliyyatların teatrı təkcə İs­rail ərazisi və Qəzza zolağı ilə kifayət­lənmir. Dünən İsrail Hərbi Hava Qüv­vələrinə məxsus təyyarələr Suriyadakı hərbi obyektlərə də zərbələr endirib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarə Suriyadan atılan raketlərə cavab olaraq oradakı hərbi infrastrukturu vurub”, – məlumat­da deyilir.

Qeyd edək ki, dünyanın bir çox si­yasətçilərinin HƏMAS–İsrail mühari­bəsində təcili atəşkəs elan olunması ilə bağlı çağırışları hələlik öz bəhrəsini vermir. Belə ki, heç bir tərəf güzəştə getmək istəmir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan deyib ki, HƏMAS-ın atəş­kəslə bağlı təklifləri var, lakin onlar qey­ri-realdır və qəbuledilməzdir. C.Sallivan sözügedən təkliflərin nədən ibarət oldu­ğunu açıqlamayıb. 

Bölgədə artıq 25 gündür davam edən ağır silahlı münaqişə isə nəinki bit­mək bilmir, əksinə, gündən-günə qızışır. Bu arada B.Netanyahu bildirib ki, İsrai­lin Qəzzada quru əməliyyatı HƏMAS-la “uzun və çətin” müharibənin “ikinci mər­hələ”sinə keçib. Baş nazir, həmçinin hər­bi əməliyyatların miqyası və intensivliyi­nin genişləndiriləcəyini bildirib. 

İsrail mediası bildirir ki, son gün­lər Qəzza şəhəri üzərindən sakin­lərə xəbərdarlıq vərəqələri səpələnir. Vərəqələrdə bu ərazinin artıq “döyüş meydanı” olduğu deyilir və sakinlərin vaxt itirmədən cənuba doğru çəkil­mələrinə çağırışlar edilir. On minlərlə fələstinlinin artıq cənuba doğru hərəkət etdiyi məlumdur. 

Bölgədən bəzi müsbət, ümidverici xəbərlər də yayımlanır. Belə ki, Qəz­zada internet əlaqəsinin tədricən bərpa olunduğu bildirilir. Jurnalistlərin sözlə­rinə görə, burada telefonla zəng etmək və sosial şəbəkələrə girmək artıq müm­kündür.

Məlumdur ki, müharibələr böyük maliyyə tələb edir. Ağ ev “özünün stra­teji tərəfdaşı olan İsraillə münasibətdə bunu nəzərə almağa çalışır. Təsadüfi deyil ki, ABŞ Konqresinin Nümayən­dələr Palatası qarşıdakı bir neçə gün ərzində İsrailə yardım haqqında qanun layihəsini nəzərdən keçirəcək. 

Bu barədə Nümayəndələr Palatası­nın spikeri Mayk Conson “Fox News”a müsahibəsində deyib: “Bu həftə biz Nümayəndələr Palatasına İsrail üçün ayrıca maliyyə vəsaiti ayrılması üçün qanun layihəsi təqdim edəcəyik. Bi­lirəm ki, Senatdakı respublikaçı həm­karlarımızın da oxşar qanun layihəsi var”.

Bundan əvvəl isə məlumat verilib ki, Nümayəndələr Palatası İsrailə dəstək üçün 14,5 milyard dollar məbləğində qanun layihəsini təklif etməyə hazırdır. Görünür ki, daha çox maliyyəyə ehtiyac var. 

ABŞ-nin vitse-prezidenti Kamala Harris isə CBS telekanalına müsahibə­sində bildirib ki, Birləşmiş Ştatlar Fələs­tin–İsrail münaqişəsi zonasına qoşun göndərməyi planlaşdırmır. “Bizim belə bir niyyətimiz, İsrailə və ya Qəzzaya döyüş qoşunları göndərmək planımız yoxdur”, – K.Harris deyib.

Yaxın Şərqdə cərəyan edən gərgin proseslər regionun aparıcı dövləti olan Türkiyəni ciddi narahat edir. Dünən qardaş ölkənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Ankaradakı diplomatik mənbələrdən əldə edilən məlumata əsasən, danışıq zamanı İsrail–Fələstin qarşıdurması, münaqişənin bölgəyə yayılmasının qarşısının alınması və girovların dəyiş­dirilməsi istiqamətində görüləcək işlər, humanitar yardım dəhlizinin yaradıl­masının vacibliyi, eləcə də NATO-nun genişlənməsi prosesi müzakirə edilib. Türkiyəli nazir İsrail–Fələstin qarşıdur­masında mülki vətəndaşların hədəf alınmasının qəbuledilməz olduğunu vurğulayıb.

Türkiyə Prezidenti Administrasiyası­nın Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə deyib ki, Qəzzada Türkiyə əleyhinə “oyun oynayırlar”. O bildirib ki, Qəzzada baş verənlər təkcə fələstinlilərlə bağlı məsələ deyil: “Bu, həm də region, xüsusilə, Türkiyə ilə bağlı qurulan oyundur. Bu oyunu poz­maq bizim üçün vacibdir”.

F.Altun, həmçinin Qərbin proseslər­dəki mövqeyini tənqid edib. Türkiyə PA rəsmisinin sözlərinə görə, indi ən vacib amil Yaxın Şərqdə sülhün təmin olun­masıdır.

Görünən budur ki, Qərbin bir çox dövlətləri Yaxın Şərqdə mühüribə alo­vunu nəinki söndürmək istəmir, əksinə, körükləyir. Bu sahədə Fransa Preziden­ti Emmanuel Makron xüsusilə “fərqlə­nir”. Ekspertlər hesab edirlər ki, onun HƏMAS-a qarşı beynəlxalq koalisiya yaratmaq təşəbbüsü regionu qan gö­lünə çevirmək niyyətindən qaynaqlanır. 

Yaxın Şərqə bu gün sülh və sabitlik hər zaman olduğundan daha çox lazım­dır. Bunun üçün təcili surətdə atəşkəsin elan edilməsinə, sonrakı mərhələdə sülh danışıqlarının aparılmasına kəskin ehtiyac yaranıb. Rəsmi Ankara məhz bunu arzulayır və tələb edir. 

Məsaim ABDULLAYEV
XQ

Dünya