Türkiyə ilə Türkmənistan arasında 13 müqavilə imzalanıb

post-img

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında 13 əməkdaşlıq müqaviləsi imzalanıb. Türkiyə mətbuatı xəbər verir ki, birgə mətbuat konfransında çıxış edən liderlər məmnunluq ifadə ediblər.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkmənistan enerji ehtiyatları baxımından dünyanın ən mühüm ölkələrindən biridir: “Türkiyə Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkədir. Türkiyə müstəqillik əldə etdikdən sonra türkmən qardaşlarını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

Sərdar Berdiməhəmmədov vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın təbii qazının və elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə nəqli məsələlərini müzakirə etdik: “Biz təsdiq etdik ki, tranzit sektorunda sıx əməkdaşlığın dərinləşdirilməsi iki ölkə arasında ticarətin inkişafı üçün vacibdir. Bu kontekstdə mövcud nəqliyyat dəhlizləri üçün yeni istiqamətlərin yaradılmasının, xüsusilə Xəzər və Qara dəniz dəhlizlərinin səmərəliliyinin artırılmasının qarşılıqlı maraqlara uyğun olduğunu bildirdik”. 

Berdiməhəmmədov qeyd edib ki, nəqliyyat sektorunda daha səmərəli birgə işin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi barədə razılıq əldə olunub, eyni zamanda, sənayenin müxtəlif sahələrində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər qiymətləndirilib.

Qeyd edək ki, bu, S.Berdiməhəmmədovun Prezident kimi Türkiyəyə ilk rəsmi səfəridir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya