Daşkənddə Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş keçirilib

post-img

Özbəkistan Yazıçılar İttifaqının dəvəti ilə Daşkənddə olan Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş keçirilib.

Özbəkistan Yazıçılar İttifaqında baş tutan tədbirdə ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, oxucular iştirak edib. 

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid qonaqları salamlayaraq Azərbaycanın Xalq şairi Vahid Əzizin Özbəkistana səfərinin bütün poeziyasevərlər üçün əlamətdar hadisə olduğunu qeyd edib. Zəngin ənənələrə malik Azərbaycan poeziyasının Özbəkistanda bu gün də çox sevildiyini qeyd edən natiq belə görüşlərin ədəbi əlaqələrin genişlənməsinə təsir göstərdiyini vurğulayıb.

Professor Nurbay Cabbarov, Özbəkistanın tanınmış şairəsi Xasiyyət Rüstəm iki ölkə arasında ədəbi əlaqələrdən söz açaraq ruhən yaxın olan bu iki xalqın poetik zövqlərinin də eyni olduğunu vurğulayıblar. Onlar qeyd ediblər ki, iki qardaş ölkə şairlərinin, sənət adamlarının sıx əlaqəsi, qarşılıqlı görüşlərin, səfərlərin həyata keçirilməsi poeziya sahəsində inkişafa, yeni axtarışlara rəvac verir. 

Alim və tərcüməçi Babaxan Şərif iki qardaş xalqın poeziyası arasında oxşar cəhətlərdən söz açaraq qarşılıqlı tərcümələrin, xüsusi ilə də ikidilli nəşrlərin hər iki poeziyada yeni üslub, məna rəngarəngliyinə səbəb olduğunu qeyd edib. B. Şərif poeziyanın yayılması, təbliği, poeziyasevərlərə əlçatanlığı baxımından antologiyaların, almanaxların nəşrinin vacibliyindən söz açaraq bu qəbildən olan nəşrlərin xüsusilə gənc şairlərin yaradıcılığına stimul verdiyini qeyd edib. 

Tanınmış yazıçı-dramaturq Kuçkar Norkabil iki ölkə arasında ədəbi əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin, tərcümələrin, birgə konfrans, seminar, simpozium, forumların keçirilməsinin faydalı olduğunu bildirib. Özbəkistanda Azərbaycan ədəbiyyatına, poeziyasına böyük sevgi və rəğbətin olduğunu deyən natiq özbəkistanlı şair və yazıçıların Azərbaycanda da eyni coşqu ilə qarşılandığını vurğulayıb. 

Xalq şairi Vahid Əziz görüşün təşkili üçün Özbəkistan Yazıçılar İttifaqına öz təşəkkürünü bildirib. Sonuncu dəfə təxminən qırx il bundan öncə  Özbəkistanda olduğunu söyləyən şair bu səfərdən məmnun qaldığını deyib, özbək poeziyasevərləri ilə görüşün əhəmiyyətli olduğunu qeyd edib, belə görüşlərin müntəzəm olaraq həm Daşkənddə, həm də Bakıda keçirilməsinin vacibliyini  diqqətə çatdırıb. 

Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Daşkənd

 







Mədəniyyət