Ərdoğan: Türkiyə dinc əhalinin öldürülməsi ilə barışmayacaq

post-img

Türkiyə İsrail ordusunun Qəzza zolağında mülki əhaliyə qarşı hücumlarını ən sərt şəkildə pisləyir. Bunu prezident Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib. 

“Türkiyənin İsrail dövləti ilə problemi yoxdur, lakin biz İsrailin törətdiyi vəhşilikləri və onun dövlətdən çox “təşkilat” üslubunda hərəkətlərini heç vaxt qəbul etməyəcəyik”, - Türkiyə lideri bildirib.

Dövlət başçısı qeyd edib ki, Qəzzadakı qurbanların təxminən yarısının uşaqlar olması faktı “insanlığa qarşı cinayət törətməyə yönəlmiş qəsdən qəddarlıqdan” xəbər verir.

Türkiyə prezidenti İsrailə səfər planlarını da ləğv etdiyini açıqlayıb.

Ərdoğan HƏMAS hərəkatının fəaliyyətinə toxunaraq qeyd edib ki, “bu, terror təşkilatı deyil, öz torpaqlarını və soydaşlarını qorumaq üçün vuruşan bir qrup azadlıqsevər və mücahiddir”.

Prezident Ərdoğan İsrailin Qəzzaya hücumlarını “həm onları həyata keçirənlərin, həm də dəstəkləyənlərin adam öldürmə meylinin və psixi pozğunluğun əlaməti” kimi qiymətləndirib.

Onun sözlərinə görə, “İsrailin bu gün güvəndiyi qüvvələr yox olduqda, İsrail xalqının təhlükəsizlik və mərhəmət axtaracağı ilk yer 500 il əvvəl olduğu kimi Türkiyə olacaq”.

P.ƏMİRCANOV
XQ

Dünya