Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü və Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 78-ci ildönümü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. Məlumatı “Anadolu” verib.
Ərdoğan deyib: “Təəssüf ki, beynəlxalq ictimaiyyət İsrail administrasiyasının mülki şəxslərə qarşı qeyri-qanuni və cilovsuz hücumlarına adekvat cavab verə bilmir”.
Qurucularından birinin Türkiyə olduğunu deyən Ərdoğan Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 78-ci ildönümü münasibətilə dünya ictimaiyyətini təbrik edib və BMT-nin himayəsi altında planetdə sülhün, rifahın, ədalət və əmin-amanlığın bərqərar olması üçün çalışan hər kəsə təşəkkürünü bildirib.
Bəşəriyyətin əsasən Fələstin və Ukraynada qaynar münaqişələrdən tutmuş iqlim dəyişikliyinə, aclıq və yoxsulluqdan başlamış islamafobiyaya qədər çox ciddi problemlərlə üzləşdiyini qeyd edən Ərdoğan, oktyabrın 7-dən etibarən Qəzza zolağında dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyini və dağıntıların baş verdiyini xatırladıb.
Türkiyə lideri ölkəsinin dünyada ümumi işə çox faydalar verdiyini, eyni zamanda, dünyanın “beşdən böyük” olduğunu bəayn edib.
P.ƏMİRCANOV
XQ