Türkiyə hər cür vasitəçiliyə hazırdır

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib. Dövlət başçısı əsasən terrorla mübarizə məsələləri üzərində dayanıb. Məlumatı “Anadolu” verib. 

Prezidentin sözlərinə görə, indiyədək aparılmış antiterror əməliyyatları nəticəsində 194 hədəf məhv edilib, 162 terrorçu zərərsizləşdirilib.

Türkiyə PUA-nın vurulmasına toxunan Ərdoğan deyib: “Şübhə yoxdur ki, bu insident bizim yaddaşımızda qalacaq və vaxt gələndə baxılacaq”. 

Türkiyə lideri bəyan edib ki, ölkəsi “bir terrorçunun belə gizlənməsinə imkan və sərhədləri yaxınlığında terror dəhlizi yaradılmasına yol verməyəcək”. 

İsrail-Fələstin münaqişəsinə toxunan Ərdoğan bildirib ki, qadın, uşaq və qocaların öldürülməsi qəbuledilməzdir: “Hesab edirik ki, müstəqil, suveren Fələstin dövləti 1967-ci il sərhədlərində yaradılmadan sülh olmayacaq. Tərəflər xahiş edərsə, Türkiyə əsirlərin dəyişdirilməsi də daxil olmaqla, hər cür vasitəçiliyə hazırdır”. 

Paşa ƏMİRCANOV

XQ

Dünya