BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi başlayır

post-img

 

Sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi başlayır. Prezidentlərin, baş nazirlərin və nazirlərin diqqəti, həmçinin sentyabrın 15-də BMT-nin baş katibi Antonio Quterreşin “geosiyasi fikir ayrılıqlarının kəskinləşməsinin əsas amili” adlandırdığı Ukrayna ətrafındakı münaqişəyə yönələcək. Sonuncu dəfə videobağlantı vasitəsilə danışan Ukrayna prezidenti Volodimir Zelenski də Nyu-Yorka uçacaq. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.Dünya mətbuatı onların BMT Təhlükəsizlik Şurasının iclasında eyni masa arxasına keçib-keçməyəcəyi ilə maraqlanır.

Yüksək səviyyəli həftə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında ilin əsas hadisəsidir. Əksər ölkələrin dövlət və hökumət başçıları adətən BMT tribunasından dünya ictimaiyyətinə şəxsən müraciət etmək fürsətini əldən verməməyə çalışırlar. Bununla belə, bu il iştirakçıların səviyyəsi pandemiyadan sonrakı keçən illə müqayisədə bir qədər aşağı olacaq: BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən yalnız ABŞ dövlət başçısı səviyyəsində təmsil olunacaq. ABŞ prezidenti Co Baydenin yüksək səviyyəli həftənin başlanğıcı, sentyabrın 19-da çıxış edəcəyi gözlənilir. 

Çin, Böyük Britaniya və Fransa daha aşağı səviyyədə nümayəndələr göndərəcək. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Rusiya prezidenti Vladimir Putin şəxsən BMT tribunasından dörd dəfə - 2000, 2003, 2005 və 2015-ci illərdə çıxış etmişdi. 2020-ci ildə (koronavirus pandemiyasının tüğyan etdiyi vaxt) onun çıxışı videobağlantı vasitəsilə yayımlanmışdı. Rusiya xarici işlər nazirliyinin rəhbəri sentyabrın 23-də Baş Assambleyada çıxış edəcək. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, “nazir BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və digər fundamental beynəlxalq hüquq normalarına əsaslanan həqiqətən ədalətli çoxqütblü dünya nizamının formalaşmasına yönəlmiş beynəlxalq münasibətlər sisteminin daha da inkişafı da daxil olmaqla, ən vacib qlobal çağırışlara Rusiyanın prinsipial yanaşmalarını ətraflı şəkildə təqdim edəcəkdir”.

Bundan əlavə, Sergey Lavrov bir sıra çoxtərəfli tədbirlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurası, BRİKS, KTMT və BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupu vasitəsilə iştirak edəcək. Mariya Zaxarovanın sözlərinə görə, Sergey Lavrov müxtəlif dövlətlərdən olan həmkarları və beynəlxalq təşkilatların rəhbərləri ilə iyirmiyə yaxın ikitərəfli görüşlər keçirmək niyyətindədir. Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin Antonio Quterreşlə də görüşü planlaşdırılır. BMT-nin baş katibi özü də Sergey Lavrovla Nyu-Yorkdakı tədbirlərin birində danışmaq istədiyini təsdiqləyir. Cənab Quterreş Rusiyanın iyul ayında çıxdığı taxıl sazişinin reanimasiyasına nail olacağına ümid edir. BMT-nin baş katibi Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski və Nyu-Yorka şəxsən gələcək Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparmağa ümid edir. Antonio Quterreş hazırda Ukrayna ətrafında münaqişənin həllində birbaşa vasitəçi olmağa ümid etmir: “Mən sülh danışıqlarına başlamaq üçün vasitəçilik etmək istərdim, amma qorxuram ki, biz bunu edə bilməyəcəyik”.

Eyni zamanda, BMT-nin baş katibi təkcə Ukraynadan deyil, ümumilikdə, Nyu-Yorka gedən yüksək rütbəli siyasətçilərin və diplomatların güzəştə getmək istəyi nümayiş etdirəcəyinə ümid etdiyini bildirir: “Dünya liderlərinə mesajım aydındır: indi mövqe tutmaq vaxtı deyil. İndi biganəlik və ya qərarsızlıq vaxtı deyil. Real, praktiki qərarlar qəbul etmək üçün bir araya gəlməyin vaxtıdır. Daha yaxşı gələcək üçün güzəştə getməyin vaxtıdır”. “Siyasət kompromisdir. Diplomatiya kompromisdən ibarətdir. Effektiv liderlik kompromisdən ibarətdir... Liderlərin ümumi rifahımız üçün ortaq gələcəyimizi dizayn etməkdə güzəştə getmək üçün xüsusi məsuliyyəti var”. –deyən BMT Baş katibi əlavə edir ki, bunun üçün “gələn həftə Nyu Yorkda başlamağa dəyər”.

Münaqişə edən ölkələrin nümayəndələrinin baş katibi dinləməyə nə dərəcədə hazır olduqları BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli Ukrayna ətrafında münaqişəyə həsr olunmuş açıq iclası zamanı aydınlaşacaq. Həmin iclasın sentyabrın 20-də keçirilməsi planlaşdırılır. Hazırda Təhlükəsizlik Şurasına (qeyri-daimi üzv kimi) sədrlik edən və Rusiyanın Ukrayna siyasətini ən kəskin tənqid edənlərdən biri olan Albaniyanın bu tədbirə ev sahibliyi etməyi təklif etdiyi bildirilir. İclasa Albaniyanın baş naziri Edi Rama sədrlik edəcək və o, bunun "müharibə başlayandan bəri Ukrayna ilə bağlı ilk real sammit" olacağını gözləyir. 

Hazırladı:

S.ELAY,

XQ

Dünya