“Ağıllı” sistemlərin rəqabəti

post-img

“Google” şirkəti süni intellektli məhsulunu yaxın zamanda ictimaiyyətə təqdim edəcək. Artıq onun son versiyası test mərhələsindədir. “Gemini” adlanan süni zəka sistemi “OpenAI” şirkətinin “GPT-4” modelinin əsas rəqibi olacaq. 

Məlumata görə, yeni süni intellekt özündə bir sıra böyük dil modellərini birləşdirir. Proqramın tərkibində olan dil modelləri vasitəsilə çat-botları, müxtəlif funksiyaları idarə etmək, “Excel” cədvəllərini təhlil etmək, “Mi­djourney”ə bənzər mətndən şəkillər yaratmaq və s. mümkündür. Onun “ChatGPT”dən fərqli olaraq həm şəkil­lər, həm də mətn yaratdığı iddia edilir. Sözügedən sistem, öz növbəsində, generativ neyron şəbəkələri sahəsin­də də istifadəçilərə geniş imkanlar təqdim edir.

Qeyd edək ki, “Gemini” bu ilin sonunadək şirkətin “Cloud Vertex AI” adlı bulud servisi üzərindən təqdim ediləcək. Bu vasitə ilə “Google” maddi qazanc əldə etməyi hədəfləyir. 

ƏFSANƏ
XQ

Dünya