Rusiya ilin sonunadək Ukrayna ərazisindəki qoşunlarının sayını artıracaq. Böyük Britaniya Müdafiə Nazirliyinin hesablamalarına görə, Rusiya ordusu ilin sonuna qədər 420 min müqaviləli əsgəri cəlb etmək niyyətindədir. ABŞ-ın analitik mərkəzi ISW isə hesab edir ki, 2024-cü il seçkilərinə qədər heç bir səfərbərlik olmayacaq.
Ukraynadakı Rusiya əsgərləri barədə Rusiya prezidenti Vladimir Putin də açıqlama verib. O, çərşənbə axşamı bildirib ki, son aylarda 250 min nəfərdən çox rus könüllü olaraq silahlı qüvvələrə qoşulub: “Hər gün 1000-1500 rusiyalı orduya qoşulmaq üçün könüllü müqavilələr bağlayır”.
Hazırda Ukraynada nə qədər rus əsgəri var?
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bildirib ki, Rusiya hərbçiləri işğal olunmuş Ukraynada 420 mindən çox hərbçi cəmləyib. Bura Rusiya Qvardiyası və digər bölmə və strukturlar daxil deyil; beləliklə, bu rəqəm Ukraynadakı müharibədə iştirak edən Rusiya qüvvələrinin ümumi sayını tam əks etdirmir. Onların sayı daha çoxdur. Sentyabrın 11-də Ukrayna və Britaniya hərbi rəsmiləri bildiriblər ki, daha çox rus hərbçiləri gələ bilər.
Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu 2023-cü ilin sonunadək müqaviləli əsgərlərin hesabına iki dəfə arta bilər.
Bu arada Ukrayna işğal altında olan Sevastopola hücum edib. Bu şəhərə gecə hücumu zamanı Orconikidze gəmiqayırma zavoduna raket zərbəsi endirilib. Hücum nəticəzində zavod əməkdaşlarından 2 nəfər ölüb, 26 nəfər yaralanıb. Dənizdəki Rusiya gəmiləri də pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iki gəmi– böyük desant gəmisi və sualtı qayığı zədələnib.
Yerli sakinlər şəhərdə ən azı 7, səmada isə çoxlu parıldamaların olduğunu bildiriblər. Bu da Rusiya hava hücumundan müdafiənin zəif işini göstərir.
P.ƏFƏNDİ
XQ

