Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyası Barselonadakı “Вiblioteca García Márquez”i 2023-cü ildə dünyanın ən yaxşı kitabxanası adlandırıb.
İspaniya mətbuatı yazır ki, Barselona kitabxanası şəhərin San-Marti rayonunda yerləşir və heyranedici memarlıq və innovativ dizaynı ilə fərqlənir. “Вiblioteca García Márquez” İspaniyada beynəlxalq miqyasda tanınan ilk kitabxanadır. O, 2022-ci ilin may ayında açılmasına baxmayaraq, hamını dərhal heyran etməyə nail olub. Açılış ilində kitabxana memarlıq sahəsində Barselona şəhər mükafatına layiq görülüb və nəticələri 2023-cü il oktyabrın 19-da məlum olacaq memarlıq və dizayn sahəsində FAD mükafatına iddialıdır.
Qeyd edək ki, “Вiblioteca García Márquez”in binası 6 mərtəbəlidir, sahəsi 4 min kvadratmetrdir, orta hesabla gündə onu təxminən min oxucu ziyarət edir. Burada tez-tez konfranslar və dünyanın müxtəlif guşələrindən olan yazıçılarla görüşlər keçirilir.
Zülfiyyə ZİYA, “Xalq qəzeti”

