Yaponiya AES-in suyunu okeana axıdır

post-img

Bu qərar regionda birmənalı qarşılanmadı

Yaponiyanın Tokyo Electric Power (TEPCO) şirkəti “Fukusima-1” Atom Elektrik Stansiyasının suyunu okeana axıtmağa başlayıb. Proses canlı yayımda nümayiş olunub. Təmizlənmiş su sahildən bir kilometr məsafədə sualtı tunel vasitəsilə axıdılır. Gün ərzində 460 ton su buraxılacaq. Təmizlənmiş hər ton suya 1,2 min ton təmiz dəniz suyu qarışdırılır. İlk 17 gündə 8 tondan az su ötürüləcək. Tokio dünyanı narahat olmamağa çağırır, lakin region ölkələri artıq etiraz səslərini ucaldırlar.

2011-ci ildə stansiyada baş vermiş qəzadan sonra Yaponiyanın “Fukusi­ma-1” Atom Elektrik Stansiyasından təmizlənən radioaktiv suyun necə utili­zasiyası ilə bağlı uzun müddətdir davam edən mübahisəyə son qoyulub. Baş na­zir Fumio Kişida hökumətinin qərarı ilə avqustun 24-dən etibarən stansiyanın 90 faizi dolu olan nəhəng anbarlarından su okeana axıdılır. Qeyd etmək yerinə düşər ki, MAQATE tərəfindən təsdiqlən­miş qərarı qəbul edən baş nazir Kişida ölkə daxilində və xaricində hakimiyyət üçün qaçılmaz siyasi və reputasiya it­kilərinə baxmayaraq, ona yenidən baxıl­mayacağını açıq şəkildə bildirmişdi. Ötən bazar günü baş nazir Kişida “Fuku­sima-1” AES-də olmuş və onun top-me­necerləri ilə görüşmüş, ertəsi gün isə Balıqçılıq Kooperativləri Assosiasiyaları Milli Federasiyasının rəhbərliyi ilə izahat xarakterli söhbət aparmışdı. Görüş za­manı yapon balıqçılar hökumətin qərarı ilə razılaşmadıqlarını bildirsələr də, Fu­mio Kişida qərarından dönməyəcəyini vurğulamışdı. 

Çərşənbə axşamı Fukusima prefek­turasına səfər edən və onun qubernatoru Masao Uçibori ilə görüşən İqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişi­mura qeyri-populyar qərarı izah etməyə çalışmışdı. Bununla belə, Fukusima qu­bernatoru mərkəzi hakimiyyət orqanlarını “prefekturanın vəziyyətini və balıqçıların fikirlərini ciddi qəbul etməyə” çağırmışdı. Həmin gün nazir Nişimuranın prefektura Balıqçılıq Kooperativ Assosiasiyasının prezidenti Tetsu Nozaki ilə söhbətinin gərgin keçməsi barədə məlumat verilir. Belə ki, Tetsu Nozaki xəbərdarlıq edir ki, balıqçılar bundan sonra da hökumətin məlum qərarına qarşı çıxacaqlar.

Fukusima prefekturasının rəhbərli­yi və yerli balıqçılarla yanaşı, Tokionun nüvə tullantılarının okeana atılmasına başlaması Yaponiyanın bir sıra digər regionları tərəfindən də dəstəklənmir. Məsələn, Fukusima prefekturasının qu­bernatoru İbaraki Kazuhiko Oiqava “Fu­kusima-1” AES operatorunu stansiyadan suyun axıdılması məsələsinə “korporativ idarəetmə məntiqinə görə yox, balıqçı­ların mövqeyini nəzərə alaraq” yaxın­laşmağa çağırıb. Miyaqi prefekturasının qubernatoru Yoshihiro Murai da yerli ba­lıqçıların və fermerlərin gələcək taleyin­dən narahatlığını ifadə edərək, oxşar bir açıqlama verib.

“Kyodo” agentliyinin məlumatına görə, 2023-cü maliyyə ilində (2024-cü il martın 31-də başa çatır) “Fukusima-1” AES-dən okeana təxminən 31,2 min ton təmizlənmiş su axıdılacaq. Suyun tərki­bindəki tritium konsentrasiyasının ümu­mi səviyyəsi təxminən, 5 trilyon bekkerel olacaq. Bu suyun 30 il ərzində mərhələli şəkildə okeana axıdılması planlaşdırı­lır və MAQATE prosesə nəzarət etmək niyyətindədir. İlkin hesablamalara görə, Yaponiya hakimiyyəti və TEPCO enerji şirkəti 2028-ci maliyyə ilinə qədər “Fuku­sima-1” təcili AES-də reaktorların soyu­dulması zamanı əmələ gələn radioaktiv suyun yığılma həcmini gündə 140 tondan 50-70 tona endirməyi planlaşdırır. 

MAQATE-nin baş direktoru Rafael Qrossi tənqid atəşi altında qalan Yaponi­ya hakimiyyətini dəstəkləmək üçün yeni bəyanatla çıxış edib. “MAQATE-nin su tullantılarının təhlükəsizliyinin qiymət­ləndirilməsi üzrə işinə başladığı gün­dən mən Koreya Respublikası və digər ölkələrlə bu istiqamətdə mühüm fəaliy­yətlərimiz barədə məlumat vermək üçün fəal əməkdaşlıq etmişəm. İctimaiyyətin haqlı narahatlığını aradan qaldırmağın yeganə yolu onları məlumatlandırmaqdır. Əldə edilən razılaşma qarşıdakı həftələr, aylar və illərdə şəffaflığın vacibliyini vur­ğulayır”, - deyə Rafael Qrossi bildirib. Su­yun axıdılması prosesini həyata keçirən “Tokyo Electric Power” şirkəti də təmiz­lənmiş suyun ətraf mühit üçün tamamilə təhlükəsiz olduğunu vurğulayır. 

Buna baxmayaraq, narazılıqları ara­dan qaldırmağa hesablanmış bu məlu­matlar beynəlxalq qalmaqalın baş ver­məsinə mane ola bilmədi. Gözlənildiyi kimi, ən böyük narazılıq da Pekindən gəl­di. Çinin xarici işlər nazirinin müavini Sun Veydun çərşənbə axşamı Yaponiya səfiri Hideo Tarumini Yaponiya hökumətinin qə­rarı ilə əlaqədar nazirliyə çağıraraq ölkə­sinin narazılığını bildirib. Eyni zamanda, Çin Xarici İşlər Nazirliyinin şərhində qeyd edib ki, “Okean bütün bəşəriyyətin ümu­mi mülkiyyətidir və “Fukusima” AES-dən suyun zorla okeana axıdılmasına başla­maq beynəlxalq ictimai maraqlara məhəl qoymayan son dərəcə eqoist və məsu­liyyətsiz bir hərəkətdir”. Çin artıq real ad­dımlar da atmağa başlayıb. Belə ki, ötən çərşənbə axşamı Honq-Konq hökuməti avqustun 24-dən etibarən Yaponiyanın on prefekturasından dəniz məhsulları idxalına qadağa qoyub. Məlumata görə, 2022-ci ildə Honq-Konqa dəniz məhsul­ları ixracı təxminən 536 milyon dollar təşkil edib. Çinin digər xüsusi inzibati böl­gəsi olan Makaonun hakimiyyət orqanları da Yaponiyanın on prefekturasından bir sıra ərzaq məhsullarının idxalına qada­ğa qoyulduğunu elan edib. Bu isə yapon balıqçılarının böyük məbləğdə maliyyə itkilərilə üzləcəklərindən xəbər verir.

Cənubi Koreya uzun müddət suyun okeana atılmasına qarşı çıxırdı, lakin MAQATE-nin belə addımları təsdiqləmə­sindın sonra fikrini dəyişdi. Eyni zaman­da, baş nazir Han Dok-su Yaponiyanı şəffaf olmağa çağırıb. Tayvanda da həyə­can təbili çalırlar, adada Çinlə münaqişə fonunda ekoloji böhranın baş verəcəyin­dən qorxurlar. Taybeydə narahatdırlar ki, Yaponiyadan axıdılan suyun bir hissəsi Tayvana doğru istiqamətlənəcək və 1-2 il sonra ada sahillərinə çatacaq. Bu baxım­dan, Tayvanın qiymətləndirməsinə görə, adanın yaxınlığındakı su bölgəsində triti­um konsentrasiyası dörd ildən sonra pik həddə çatacaq.

S.ELAY, “Xalq qəzeti”



Dünya