Rusiya Hindistandan 39 milyard dollar ala bilmir

post-img

39 milyard dollar dəyərində Hindistan rupisi Hindistan banklarında ilişib qalıb və neft şirkətləri onları Rusiyaya qaytara bilmir. Bu barədə "Reuters" agentliyinə bank mənbələrindən bildiriblər.

Problem keçən ildən mövcuddur və artıq böyük miqyas alıb: məzənnə baxımından dollara bağlı rupinin məbləği təxminən 3,6 trilyon rubl təşkil edir. Rusiya hazırda bu puldan istifadə edə bilmir. Rupinin Hindistandan çıxarılması yerli tənzimləmə qaydaları ilə bloklanır: Hindistan Mərkəzi Bankı öz valyutasının ölkədən kənarda dövriyyəsini qadağan edir. Hindistan mallarına xarici valyutanın xərclənməsi ehtimalı real görünmür, çünki Yeni Dehlidə Moskvanı rupi xərcləməyə vadar edə biləcək heç bir mal yoxdur: 2023-cü ilin yanvar-may aylarında Hindistanın Rusiyaya ixracı cəmi 639 milyon dollar təşkil edib. 

Hindistan Sənaye Konfederasiyasının prezidenti Dineş avqustun 16-da Dehlidə keçirdiyi brifinqdə etiraf edib ki, hələlik heç bir həll tapılmayıb. O deyib ki, ticarət balansının pozulmasına səbəb Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. Bu səbəbdən dollarla hesablaşmalar çox risklidir: "Biz indi mexanizm axtarmağa davam edirik”.

Problemdən çıxış yolu ötən ilin payızından bəri davam edir və indiyə qədər nəticəsiz qalıb.

S.ELAY,

"Xalq qəzeti"

Dünya