Türkmənistan Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dimitri Biriçevskinin öz ölkəsinin Qazaxıstan və Özbəkistanla qaz ittifaqının genişləndirilməsinə icazə verən bəyanatından ciddi narahatdır. Bunu “Türkmənqaz” dövlət konserninin sədr müavini Myrad Arçayev deyib.
Xatırladaq ki, bu günlərdə həmin bəyanat bir sıra kütləvi informasiya vasitələrində yayılıb. Bu açıqlama Rusiya, Qazaxıstan və Özbəkistanın iştirakı ilə “üçlü qaz alyansı” ilə bağlıdır. Biriçevskin sözlərinə görə, Rusiya "qaz sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını" istisna etmir və başqa dövlətlərin də buna maraq göstərdiyini bildirir.
Departament direktorunun açıqlaması Türkmənistanın ciddi narahatlığına səbəb olub. Bu barədə Myrad Arçayev deyib: “Cənab Biriçevskinin bəyanatı, ən azı, bir neçə sual doğurur. Söhbət hansı “genişlənmə imkanlarından” gedir, hansı “digər dövlətlər” onlara maraq göstərir? Prinsipcə, qaz sahəsində “üçtərəfli əməkdaşlığ”ın arxasında, nə dayanır? Rus diplomatın istifadə etdiyi ifadə bu suallara cavab vermir”.
Arçayev öz şərhində qeyd edir ki, burada tam aydınlıq tələb olunur, çünki digər dövlətlərin, o cümlədən Türkmənistanın maraqlarına toxunur. O xatırladıb ki, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Çin uzun müddətdir ki, təbii qazın Orta Asiyadan Çin Xalq Respublikasına nəqli üzrə “açıq razılaşdırılmış həcmlər, şərtlər, iqtisadi və texniki parametrlərlə” əməkdaşlıq edirlər: “Boru kəmərini doldurmaq üçün başqa ölkələrdən qaz mənbələri və Çinə qaz tədarükü üçün Türkmənistan–Çin qaz kəməri layihəsinin iştirakçılarının siyahısının genişləndirilməsi nəzərdə tutulmur. Türkmənistan çinli, özbək və qazax tərəfdaşları qarşısında götürdüyü öhdəliklərə ciddi əməl edir. Və qanuni olaraq qarşı tərəfdən də bunu gözləyir. O da aydındır ki, mövcud infrastrukturdan istifadə etməklə, razılaşdırılmış və rəsmiləşdirilmiş qaz tədarükü həcmlərində və sxemlərində hər hansı dəyişiklik istisnasız olaraq bütün iştirakçılar tərəfindən əvvəlcədən razılaşdırılmalıdır”.
Daha sonra Myrad Arçayev bildirib ki, bununla belə, Türkmənistanla bu məsələ ilə bağlı məsləhətləşmələr aparılmayıb. Bu cür yanaşma Türkmənistan tərəfi üçün anlaşılmaz və qəbuledilməzdir və ölkəmiz tərəfindən beynəlxalq hüquq normalarına və qaz sahəsində təcrübəyə zidd hesab olunur.
Göründüyü kimi, Rusiyanın bu addımı Türkmənistanın iqtisadi maraqlarına ziddir və yeni gərginliyin yaranmasına xidmət edir. O da məlum olub ki, Rusiya Federasiyasının təşəbbüsü ilə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olacaq. Türkmənistanın xarici işlər naziri Rəşid Meredov görüşün ilin sonunadək keçiriləcəyinə ümid etdiyini bildirib. O deyib: “Türkmənistan əmindir ki, bu gün əsas vəzifə ilk növbədə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada öz əksini tapmış əməkdaşlıq mexanizmlərindən maksimum istifadə etməkdir. Bu işin əlaqələndirilməsində əsas rol Xəzəryanı dövlətlərin xarici işlər nazirliklərinə həvalə edilib”.
Görüşdə bəzi problemli məsələlərin müzakirəsi də nəzərdə tutulur.
P. ƏFƏNDİ, “Xalq qəzeti”