Ali Məhkəməni zəiflədəcək və Netanyahunu gücləndirəcək məhkəmə islahatı
Təl-Əvivdə məhkəmə islahatlarına qarşı 103 min insan nümayişə çıxıb. “Times of Israel”in məlumatına görə, mitinqdən sonra etirazçılar Knessetin sədri Əmir Ohananın evinin yaxınlığındakı Yiqal Alon yolunu bağlayıblar. Aksiya zamanı bir etirazçı polis əməkdaşlarına tüstü bombası atıb.
İsraildə hökumətin məhkəmə islahatlarına qarşı etirazlar aylardır davam edir. Qanun layihəsinin tərəfdarları onun hakimiyyət qolları arasında tarazlığı bərpa etdiyini, əleyhinə olanlar isə hökumətin səlahiyyətlərinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını deyirlər.
Artıq Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti keçən ay məhkəmə islahatlarının birinci qanunu qəbul edib və bu qanun iyulun 26-da qüvvəyə minib. Qanun Ali Məhkəmənin İsrail hökumətinin qərarlarına yenidən baxmaq səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur. Yəni məhkəmə hökumətin qərarlarını "əsassız" kimi təsnif edərək ləğv etmək hüququndan məhrum edilıb. Təklif olunan digər qanun layihələrinin də tədricən qəbul olunacağı gözlənilir. Hələlik etirazlar buna mane olur.
Bəs məhkəmə islahatlarında nələr nəzərdə tutulur? Birincisi, hökumət Ali Məhkəmənin qanunvericilik və icra hakimiyyətinin əleyhinə qərar vermək səlahiyyətlərini məhdudlaşdıran dəyişikliklər istəyir. Ali Məhkəmənin Parlamentin qərarlarını ləğv edə bilməyəcəyini nəzərdə tutur. Bununla parlamentə (Knesset) Ali Məhkəmənin qərarlarını 61 səs çoxluğu (120-dən) ilə ləğv etmək səlahiyyəti verilmiş olur. İkinci təklif isə ölkə konstitusiyası kimi fəaliyyət göstərən İsrailin Əsas Qanunları ilə bağlıdır. Məhkəmələr öz qərarlarının sosial nəticələrini daha geniş şəkildə nəzərdən keçirmək üçün tətbiq olunan qanundan kənara çıxa bilərlər. Yəni bütün qərarlar məhkəməyə tabedir.Məhkəmə islahatı buna da son qoyacaq.
İslahatlar həmçinin Ali Məhkəmə hakimlərinin seçilmə qaydasını dəyişir və siyasətçilərə hakimlərin təyin edilməsində həlledici səlahiyyətlər verir. Hazırda hakimlərin seçilməsi üzrə müstəqil panel onun tərkibində yer alan siyasətçilərdən və hakimlərdən təyinatlar barədə razılığa gəlməyi tələb edir. Yeni təklif hökumətə daha çox səlahiyyət verməklə bunu dəyişdirir.
İslahatın əleyhdarlarının fikrincə, məhkəmə sisteminin yenidən qurulmasına dair Nazirlər Kabinetinin təklif etdiyi plan dövlətin demokratik əsaslarını sarsıdır. Onların fikirincə, islahat Ali Məhkəməni zəiflədəcək və Netanyahunun üstünlük təşkil etdiyi Knessetə hakim təyinatları üzərində effektiv nəzarət imkanı verəcək. Müxalifət Netanyahunun ona qarşı qaldırılan məhkəmə prosesini dondurmaq və ya ləğv etmək üçün təşəbbüsdən sui-istifadə edəcəyindən ehtiyat edir.
Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət isə əksinə, məhkəmə islahatlarının ölkədə siyasi sistemi daha da demokratikləşdirdiyi qənaətindədir. Netanyahu İsraildəki "antidemokratik" məhkəmə islahatının tənqidini rədd edib…
Bununla bağlı keçirdiyi mətbuat konfranslarının birində yerli iş adamları və iqtisadçılarının narahatlığına cavab verən Baş nazir Benyamin Netanyahu İsraildə məhkəmə islahatların;n pis nəticələrə səbəb olmayacağını əmin edib. Netanyahu bildirib ki, həqiqət bunun tam əksidir: “Bizim fəaliyyətimiz İsraildə demokratiyanın möhkəmlənməsinə və İsrail iqtisadiyyatının güclənməsinə yönəlib. Bu islahatlar İsraili dünyanın əksər ölkələrində olan hüquqi statusa və əvvəlki vəziyyətinə qaytaracaqlar”.
Baş nazir Netanyahu İsraildə məhkəmə islahatlarının balanslaşdırılmış şəkildə həyata keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, İsrail hökuməti ilkin plan üzrə islahat aparmayacaq və hakim təyinatı üzrə komissiyanın tərkibinin dəyişdirilməsi üzərində işləyəcək. O deyib: “Məncə, biz qanunvericilik yaratmamalıyıq... Balans olmalıdır. Biz bunu bərpa etməyə çalışırıq”. Baş nazir islahatlar çərçivəsində ifrata varmaq istəmədiyini bildirib.
Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”