Fransa hakimiyyəti ABŞ-ın hərbi çevrilişin baş verdiyi Nigerlə bağlı diplomatik qərarlarından narazıdır. Bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat verir. Qəzet diplomatik mənbəyə istinadən yazır ki, ABŞ Dövlət katibinin müavini Vikroriya Nulandın Nigerə səfəri və onun üsyançılarla apardığı danışıqlar Parisin gözləmədiyi məqamdır. Hətta diplomatın mənbənin “Belə müttəfiqlərlə bizə düşmən lazım deyil” dediyi də vurğulanır.
Ümumiyyətlə, ABŞ və Fransa xalqlarını bir sıra ortaq cəhətlər birləşdirir. Amma eyni zamanda, hər iki dövləti üz-üzə qoyan xüsusiyyətləri də var. Liderlik arzusu, ambisiya və xüsusi seçilmiş olduqlarına inam həm fransız, həm də amerikan mentalitetinə xasdır ki, bu da rəqabət, dözümsüzlük və qıcıqlanma hissinin yaranması üçün ilkin şərt kimi çıxış edir. Fransa və ABŞ münasibətlərin inkişafının ilk günlərindən bir-biri ilə rəqabət aparırlar. Rəqabət aparmağa başlayan ilk tərəf də məhz Fransa olduğu məlumdur. Heç kimə sirr deyil ki, fransız ziyalılar Amerika dövlətinin yüksəlişini qısqanclıqla izləyiblər. Tarixçilərin sözlərinə görə, əvvəlcə amerikanofobiya fransızların intellektual mühitində meydana çıxıb və yalnız bundan sonra ona cavab olaraq, təxminən 1945-ci ildən sonra ABŞ-da frankofobiya boy göstərib.
Anlaşılmazlıq və ksenofobiya hər iki ölkə xalqlarının münasibətlərində müşahidə edilir və mütəxəssislər bu amili ABŞ və Fransanın müxtəlif mədəni ənənələrə mənsub olmaları ilə əlaqələndirirlər. Məsələn, fransız ziyalıları Amerikanın kino, musiqi, əyləncə sahəsində dominantlığını, “davranışda əxlaqsızlığını”, “əxlaqsızlığın tətbiqini”, formal siyasi nəzakətliyini qəbul etmirdilər, elə indi də qəbul etmirlər. Fransalı intellektuallar iddia edirdilər ki, ABŞ Fransa cəmiyyətinə kütləvi mədəniyyət vasitəsilə ölkənin kimliyini təhdid edir, ictimai şüuru ələ keçirir, fərdiyyətçilik, marginallıq, yadlaşma aşılayır. Sanki Fransa işğal etdiyi Afrika ölkələrində tam fərqli davranış nümayiş etdirib. Fransızların mədəniyyətlərinə uymayan mədəniyyətlərə qarşı “Səlib yürüşü” həyata keçirmələrindən hamı xəbərdardır.
Bir sözlə, ABŞ–Fransa qarşılıqlı əlaqələrinin tarixi boyu siyasi fikir ayrılıqlarını müşayiət edən fobiyaların dövri xarakter daşıdığı məlumdur və bu, bir qayda olaraq, münasibətlərin kəskinləşməsi ilə əlaqələndirilir. Demək olar ki, üç əsr ərzində yığılmış stereotiplərin qarşılıqlı fondu müəyyən şəraitdə antipatiyaların yenilənməsi üçün əlavə amil olub və bu gün də belədir. Buna görə də, fransızların mütəmadi olaraq ABŞ barədə sərt fikirlər söyləməsi gözlənilməz sayılmamalıdır. ABŞ-ın da Niger siyasətinin Fransada qıcıq yaratması yuxarıda qısa olaraq bəhs edilən tarixi aspektdə nəzərdən keçirilməlidir. Fransa, Le “Figaro” qəzetinin yazdığına görə, Nigerin üsyançılarının demokratik yolla seçilmiş prezident Mohamed Bazumun hakimiyyətinin bərpa etməsinin vacib olduğunu bildirir. Mənbənin sözlərinə görə, prezident Emmanuel Makronun nöqteyi-nəzərindən Fransanın nüfuzu, “xüsusilə demokratik ritorikası kontekstində” bundan asılıdır.
Amerikalılar üçün regionda sabitlik prioritetdir və bununla bağlı rəsmi Vaşinqton müxtəlif səviyyələrdə bəyanatlar səsləndirir. Beləliklə, ABŞ, “Le Figaro”ya görə, devrilmiş prezidentin səlahiyyətlərinin bərpasını tələb etməyi tədricən dayandırır və yalnız onun azad edilməsini və saxlanma şəraitinin dəyişdirilməsini tələb edir. Qəzetin mənbəsinin sözlərinə görə, Vaşinqtonun məqsədi hərbi bazalarını qorumaqdır. Onun fikrincə, ABŞ bunun üçün ölkədəki konstitusiya quruluşunu qurban verə bilər. Eyni zamanda, Niger hərbçiləri cihadçılarla mübarizə aparmaq üçün ABŞ ordusunu ölkədə saxlaya bilər.
“Le Figaro” yazır ki, ABŞ üsyançılar arasında “öz adamının” olduğuna inanır. Bu, hazırda Baş Qərargah rəisi təyin olunan briqada generalı Musa Salau Barmudur. O, ABŞ-da təhsil alıb və Vaşinqtonla sıx əlaqə saxlayıb. Xanım Nuland məhz onunla görüşüb. Eyni zamanda, qəzetin qeyd etdiyi kimi, general hələ ABŞ-a qarşı “əlverişli münasibət” nümayiş etdirməyib.
Fransa da Nigerdə yalnız onun ordusuna qarşı düşmənçilik olmasından narazıdır, baxmayaraq ki, Afrika ölkəsindəki Paris və Vaşinqtonun kontingenti təxminən bərabərdir – müvafiq olaraq 1,5 min və 1,3 min nəfər. “ABŞ-ın, digər müttəfiqlərimiz kimi, bizə zərbə vurmağa imkan vermək vərdişi var”, - deyə mənbə qəzetə bildirib. “Le Figaro” yazır ki, Fransa öz müstəmləkə keçmişinə və islamçı qruplarla mübarizə apara bilməməsinə görə mənfi qarşılanır. Qəzet qeyd edir ki, digər müttəfiqlər də Nigerdəki Fransa siyasətindən uzaqlaşır. Belə ki, Almaniya, Belçika və İtaliya qiyamçıların Fransa hərbçiləri ilə bağlı dediklərini şübhə altına almayıb.
Xatırladaq ki, Fransanın keçmiş müstəmləkəsi olan Niger, Qərb ölkələrinin Saheldəki son müttəfiqlərindən biri olaraq qalırdı. Hərbi çevrilişdən sonra ölkədə Fransa kontingentinin mövcudluğuna etiraz aksiyaları keçirilir. Hakimiyyəti ələ keçirən hərbçilər Parislə əməkdaşlıqdan imtina edirlər.
S.ELAY, “Xalq qəzeti”