Novorossiyskə hücum ilk dəfə olaraq Rusiyanın neft ixracını təhdid edir - Financial Times

post-img

Dəniz dronlarının Novorossiysk körfəzinə hücumu müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiyadan neft ixracını ciddi hərbi təhlükə altında qoydu. Bu barədə "Financial Times" xəbər verir.

Nəşr qeyd edir ki, Novorossiysk limanına hücum nəticəsində böyük desant gəmisi “Oleneqorski Miner” xeyli ziyan görüb, Rusiyanın Ukraynanın taxıl ixracı infrastrukturuna silsilə raket hücumlarından sonra baş verib.

FT yazır: "Ölkələr bir-birinin əsas ixrac gəlir mənbələrinə hücum edir".

Nəşrin müəllifləri, həmçinin ehtimal edirlər ki, ABŞ və Ukraynanın digər Qərb tərəfdaşları Rusiyanın neft ixracına vurulan zərbələrdən narazı ola bilərlər.

"ABŞ Rusiya neftini bazarda saxlamaq, dünya qiymətlərinin artmasını dayandırmaq və dünya iqtisadiyyatına zərər verməmək üçün səylərə rəhbərlik edir, çünki prezident Co Bayden administrasiyası gələn il prezident seçkilərindən əvvəl neft qiymətlərinin sabit qalmasını istəyir",-FT əlavə edir.

Qeyd olunur ki, Novorossiysk Rusiyanın Qara dənizdəki əsas neft limanıdır və gündə təxminən 600 min barel neft ixrac etmək gücündədir. O, həm də gündəlik 1,2 milyon barel hasilat gücünə malik Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) ana xəttinin bitdiyi, xüsusən də Amerikanın "Chevron" neft şirkətinin payının olduğu Qazaxıstandan neft ixracının əsas nöqtəsidir. 

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Helima Krofte hesab edir ki, "Ağ ev Rusiya neftinin bazara tədarükünü azaltmaq riski olan hər şeyi qəbul etməyəcək". Onun sözlərinə görə, Vaşinqton dünyada daha geniş enerji böhranı yaranarsa, Ukraynanı dəstəkləmək daha çətin ola bilər.

S.ELAY,

"Xalq qəzeti"

 

Dünya