ABŞ Nigerə yardım proqramının bir hissəsini dayandırıb

post-img

Dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ hökuməti "Niger hakimiyyətinin xeyrinə müəyyən xarici yardım proqramlarını" müvəqqəti olaraq dayandıracaq. O qeyd edib ki, Vaşinqton humanitar və ərzaq yardımını davam etdirəcək.

“Bu müvəqqəti tədbir ABŞ-ın Nigerdəki bütün xarici yardım proqramlarına təsir göstərmir. Ən əsası, həyati əhəmiyyət kəsb edən humanitar yardımların və ərzaq yardımlarının göstərilməsi davam etdiriləcək”, - Blinken açıqlamasında bildirib. O, həmçinin qeyd edib ki, hakimiyyət orqanları ABŞ personalını qorumaq üçün diplomatik və təhlükəsizlik əməliyyatları da daxil olmaqla, “uyğun olan yerlərdə” fəaliyyətini davam etdirəcək.

ABŞ siyasi proseslərin inkişafına uyğun Nigerlə yardım və əməkdaşlığı nəzərdən keçirəcək. Cənab Blinken qeyd edib ki, Amerikanın Niger hökumətinə yardımı demokratik idarəçilikdən və konstitusiya quruluşundan asılıdır: "Biz çətinliklə qazanılmış demokratiyanın qorunmasına kömək etmək üçün Niger xalqını dəstəkləməyə sadiq qalırıq və Nigerin demokratik yolla seçilmiş hökumətinin dərhal bərpasına çağırışımızı təkrar edirik".

Xatırladaq ki, Nigerdə ​​üsyan iyulun sonunda baş verib. Ona general Abdurahman Cianiin başçılıq etdiyi prezident qvardiyasının üzvləri rəhbərlik edirlər. Hərbçilər ölkədə komendant saatı tətbiq edib, konstitusiyanın fəaliyyətini dayandırıb, həmçinin partiyaların hər hansı siyasi fəaliyyətini qadağan edib. İyulun 28-də general Çiani Nigerin yeni prezidenti seçilib. Bunun fonunda bəzi ölkələr Afrika dövlətinə yardımı dayandırıblar.

Qərbi Afrika ölkələrinin İqtisadi Birliyi konstitusiya quruluşunu bərpa etmək və hakimiyyəti prezident Məhəmməd Bazuma qaytarmaq məqsədi ilə Nigerə hərbi müdaxilə planı hazırlayıb. Burkina Faso və Mali hərbi müdaxiləni müharibə elanı kimi qiymətləndirəcəklərini açıqlayıblar.

S.ELAY,

"Xalq qəzeti"

Dünya