Qlobal istiləşmə Avropada buzlaşma ilə əvəzlənəcək?

post-img

Kopenhagen Universitetinin mütəxəssis­ləri qlobal istiləşmə ilə əlaqədar Avropada tezliklə buz dövrünün gələcəyini göstərən iqlimin kompüter modelini yaradıblar. İşin nəticələri “Nature Communications” jurna­lında dərc olunub.

Alimlərin fikrincə, Qrenlandiya buzlaq­larının kəskin şəkildə əriməsi okeana güclü şirin su axını verir ki, bu da Qolfstrim cərəya­nını (axınını) “yuya” bilər. 

Xatırladaq ki, Qolfstrim cərəyanı Cənubi Amerikanın cənub sahillərində formalaşır. At­lantik Okeanı ilə hərəkət edərək Avropanın şi­malına qədər çatır və bütün Avropanı istisi ilə qızdırmaqla yanaşı, ölkələri qütb küləklərinin sazaq və soyuqlarından qoruyur. Məhz onun sayəsində indi Avropanın mülayim iqlimi var. Lakin bu vəziyyətin uzun zaman davam edə­cəyi şübhə doğurur. Çünki Atlantik okeanının Avropanı və Şimali Amerikanın şərq sahilini əhatə edən isti axın sistemi son 1000 ildə re­kord həddə zəifləyib. Əgər bu tendensiya da­vam etsə, sahilyanı ölkələrin sakinlərini yay və qış fəsillərində daha ekstremal temperatur şəraiti gözləyə bilər. Almaniya, İrlandiya və Böyük Britaniyadan olan alimlərin fikirlərinə görə, bu prosesin əsas səbəbi insan fəaliyyəti nəticəsində yaranmış iqlim dəyişiklikləridir. 

İtaliyadakı Fraskati İnstitutunun əmək­daşı, nəzəriyyəçi fizik Canluici Zanqari bu barədə deyib: "Qolfstrim xeyli zəifləyib və bunun əksini deyənlər ya yalan danışır, ya da sadəlövhcəsinə səhv edirlər. Yaxın gələcəkdə Avropanın şimalında buzlaşma proseslərinin başlanması qaçılmazdır".

Kosmik peyklərdən alınan son məlumat­lar da göstərir ki, Qolfstrim cərəyanındakı suyun temperaturu 76 və 47-ci meridianlar arasında əvvəlki illə müqayisədə 10 dərəcə aşağı düşüb. Beləliklə, Avropada havaları­nın düzəni alt-üst olur. XXI əsrin ortalarında cərəyanlar sistemi pozulacaq. Bu da təxminən 60-70 ildən sonra planetin Şimal yarımkürə­sində güclü soyumaya səbəb olacaq.

Bununla belə, alimlər qeyd ediblər ki, al­ternativ ssenari var və ona əsasən temperatur yüksəlməyə davam edəcək. Avropa da istisna deyil.

Ə.PÜNHAN, “Xalq qəzeti”

Dünya