Ukrayna: hər gün uşaqlar öldürülür

post-img

On yeddi aydan çox davam edən Rusiya–Ukrayna savaşında tərəflərin bir-birlərinə qarşı ən çox istifadə etdiyi silah növü pilotsuz uçuş aparatları – PUA-lardır. Elə bir gün olmur ki, Rusiya Ukraynanın şəhər və kəndlərini dron atəşinə məruz qoymasın. Ukrayna tərəfi də ara-sıra cavab tədbirləri görür. 

Dünən, avqustun 3-də Rusiya ordusu Kiyev və Odessa şəhərlərinə yenidən İran istehsalı olan “Şahed” dronları ilə hücum edib. UNİ­AN agentliyi yazır ki, paytaxt­da partlayış səsləri eşidilib, Dunaydakı limanlarda yan­ğınlar baş verib.

Kiyev şəhərinin hərbi mü­dafiə idarəsinin rəisi Sergey Popko Kiyevə tərəf uçan bü­tün kamikadze dronlarının vurulduğunu, şəhər əhalisi arasında həlak olan və ya xəsarət alanların olmadığını bildirib: “Dronlar eyni vaxtda paytaxta bir neçə istiqamət­dən daxil olub. Buna bax­mayaraq, 10-dan çox uçuş aparatı Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vaxtında müəyyən edilərək məhv edilib”. 

Kiyevin meri Vitali Kliçko təsdiq edib ki, vurulan pilotsuz raketlərin hissələri şəhərin üç rayonuna düşsə də, ciddi dağıntı olmayıb. Bir vaxtlar dünya şöhrətli boksçu olmuş hazırkı mer onu da bildirib ki, dronlardan qeyri-yaşayış bi­nasına ziyan dəyib, başqa bir yerdə isə ağac yanıb. Ukray­nanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yetkilisinin sözlərinə görə isə, pilotsuz təyyarənin qalıqlarının Kiyev vilayətinin Buçanski rayonun­dakı fərdi yaşayış evinə düş­məsi nəticəsində yanğın baş verib. Bütün hallarda insan tələfatı olmayıb.

Öz növbəsində, Kiyev vi­layət hərbi administrasiyası­nın rəhbəri Ruslan Kravçenko qeyd edib ki, qəsəbələrdən birinin üzərində vurulan pilo­tsuz uçuş aparatının qalıqla­rı mağazanın damına ziyan vursa da, itki olmayıb. Odes­sa vilayət administrasiyasının rəhbəri Oleq Kiper isə xəbər verib ki, dünən gecə vaxtı Rusiyanın dron hücumundan sonra Dunaydakı Ukrayna limanlarında yanğınlar başla­yıb, elevator zədələnib.

Rusiya–Ukrayna müha­ribəsi səngimir. Amma, tək­cə döyüş meydanında deyil, informasiya sahəsində də “müharibə” şiddətlənir. Hər iki tərəfdən “feyk xəbərlər”in sayı durmadan artır. Məqsəd rəqib tərəfində ruh düşkün­lüyü yaratmaqdır. Ukray­na bəzən təkcə rəqibindən başqa, öz müttəfiqlərindən də “zərbələr” alır. Məsələn, bu günlərdə Polşa prezidentinin xarici siyasət üzrə müşaviri Marcin Pşidaç rəsmi Kiye­vin Rusiya ilə müharibədə Varşavanın dəstəyinə daha çox dəyər verməli olduğunu söyləyib. Bu fikir Ukrayna rəsmiləri tərəfindən birmənalı qarşılanmayıb. Polşanın Ki­yevdəki səfiri Ukrayna XİN-ə dəvət olunub. Prezidentin müşaviri həmin qalmaqallı çıxışında həmçinin bildirib ki, onun ölkəsi gələn aydan Ukraynanın kənd təsərrüfatı mallarının idxalına müəyyən məhdudiyyətlər qoya bilər. Onun sözlərinə görə, Polşa hökuməti, ilk növbədə öz fer­merlərinin maraqlarını qoru­malıdır.

Bu arada Ukrayna Prezi­denti Volodimir Zelenski ölkə səfirlərinə müraciət edərək onlara Rusiyaya qarşı sank­siyaların gücləndirilməsi üzərində işləməyi tapşırıb. Dövlət başçısı bu barədə çıxışında deyibdir: “Fərqli tərəfdaşlarımızın sanksiya siyasəti mahiyyəti fərqlidir. Kimsə bu istiqamətdə lider­dir, kimsə hələ də tərəddüd edir, bir az geri qalır. Təəssüf ki, Rusiyaya sanksiyalardan yan keçməyə, əslində isə tor­pağımızda terroru davam et­dirməyə kömək edən ölkələr var”.

V.Zelenski sonra qeyd edib ki, azad dünya ölkələ­rində müdafiə sənayesi üçün kritik komponentlər və ikili təyinatlı məhsullar istehsal edən iri şirkətlər var. Bütün bu mallar sanksiyalara bax­mayaraq, müxtəlif yollarla Rusiyaya çatdırılır. Prezident hazırkı məqamda buna qarşı diplomatik mübarizənin güc­ləndirilməsinin olduqca vacib olduğunu vurğulayıb.

Bu yazının əvvəlində qeyd etdik ki, rəqiblər bir-birlərinə qarşı, əsasən, dronlardan is­tifadə edirlər. Lakin unutmaq olmaz ki, ta qədim dövrlərdən bugünə qədər hər bir sava­şın əsas qəhrəmanı, əlbəttə, əsgər və zabitlərdir. Bu gün Ukrayna əsgəri motivasiyalı­dır, o, öz doğma torpaqlarının müdafiə və azad olunması naminə canından keçir.

Sirr deyil ki, Avropanın bir çox ölkələrindən olan kö­nüllülər Ukraynanın tərəfində vuruşur. Dünən qlobal KİV-də yayılan məlumata görə, Çexi­ya Prezidenti Petr Pavel ölkə­sinin daha 14 vətəndaşının Ukrayna müharibəsində işti­rak etməsinə icazə verib. Bu barədə dövlət başçısının mət­buat xidmətindən bildirilib.

Qeyd olunub ki, çex könüllülər Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın hü­cumunu dəf etməkdə yar­dım göstərəcəklər. Hazırda 146 çex savaşda iştirak edir. Nəzərə çatdırmaq istərdik ki, hazırda Ukrayna Ordusu­nun sıralaraında Baltikyanı ölkələrdən, eləcə də qonşu Polşa, Rumıniya, Bolqarıstan və digər dövlətlərdən olan kö­nüllülər də az deyil. 

Dünən axşam saatların­da qəzetimiz çapa hazırla­narkən bəlli oldu ki, Ukrayna ordusu cəbhənin Donetsk və Zaporejye istiqamətlərində geniş əks-hücum əməliyyat­ları həyata keçirməyə cəhd edib. Hərbi əməliyyatın nə qədər uğurlu olduğu barədə dəqiq məlumatlar yoxdur. Ukraynanın Milli Təhlükə­sizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret qrafik yox­dur: “Kiyevdən başqa, kimsə əks-hücum əməliyyatlarımızı müəyyənləşdirə bilməz. Han­sısa müddətdən danışanlar hərbi əməliyyatların nə oldu­ğunu başa düşmürlər. Əmə­liyyat şəraiti çətin və mürək­kəbdir. Buna təsir edən bir sıra amillər var”.

O.Danilovun sözlərinə görə, Ukrayna öz silahları ilə Rusiya ərazisinə zərbələr endirmək hüququna malikdir: “Qarşı tərəf, demək olar ki, hər gün bizim uşaqlarımızı öldürür. Biz buna necə dözə bilərik?”. Fakt budur ki, Uk­raynada bütün cəbhə boyu ağır, üzücü döyüşlər davam edir. Tərəflər hər gün xeyli sayda canlı itki verirlər. Mü­haribənin nə vaxt bitəcəyi isə məlum deyil. 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Dünya