Bermud üçbucağı təhlükəlidirmi?

post-img

Onilliklər ərzində Bermud üçbucağı mistikası və təhlükəsi ilə insanların diqqətini çəkib. İtmiş gəmilərin və təyyarələrin hekayəsi çoxlarının marağına səbəb olub və nəticədə Atlantik okeanının bu bölgəsində həqiqətən nə baş verdiyinə dair bir çox nəzəriyyə və fərziyyələr ortaya çıxıb. Lakin əsl mənzərəni anlamaq üçün mötəbər elmi mənbələrə, statistikaya, faktlara müraciət etmək lazımdır. 

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının araşdırmaları­na görə, Bermud üçbucağı okeanın hər hansı digər bölgəsindən daha təhlükəli və sirli deyil. Bu ərazidə it­kin düşən gəmi və təyyarələrin sayı okeanların digər əraziləri üzrə orta statistik göstəricidən çox deyil. Son 100 ildə Bermud üçbucağında 50-yə yaxın gəmi və 20 təyyarə yoxa çıxıb. Bu, ərazidən keçən gəmi və təyyarələrin ümumi sayı ilə müqayisədə böyük rəqəm deyil. 

Alimlər Bermud üçbucağında yoxa çıxmalarla bağlı təbii izahatlar təklif edirlər. Məsələn, okeanın dibindəki vulkanlar qaz buraxa bilər ki, bu da suyun sıxlığının azalmasına və nəticədə gəminin batmasına səbəb olur. Bundan əlavə, buradakı güclü maqnit sahələri naviqasiya sistemlərinin nasazlığa, o da istiqamətin itirilməsi və qəzalara səbəb ola bilər. Həmçinin müasir alimlər Bermud üçbucağında bəzi yoxa çıxmaların səbəbini insan faktoru ilə əlaqələndirir. Ekipajın qeyri-kafi hazırlı­ğı, naviqasiya səhvləri və pis hava qəzalara və itkin düşməyə səbəb ola bilər.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya