ABŞ Prezidentinin “nüvə çamadanı” haqqında hamı bilir. Bu qutu dövlət başçısına dünyanın istənilən yerindən nüvə zərbəsi əmri verməyə imkan yaradan çox məxfi peyk əlaqə nöqtəsidir. İlk belə çamadan prezident D.Eyzenhauer dövründə ortaya çıxıb, lakin Con Kennedinin dövründə müasir görünüşünü alıb.
Bəzən çamadanın gizli açarı itirilib. Bir dəfə prezident Cimmi Karter çamadanı işə salmaq üçün tələb olunan identifikator (kod) kartını gödəkcəsinin cibində unudub. Paltar isə quru təmizləməyə aparılıb. Orada ölkənin birinci şəxsinin əşyaları ayrıca yuyulub təmizləndiyindən gödəkcə bir kənara qoyulub. Beləliklə, bir neçə saatdan sonra itki aşkar edildikdə Ağ evdə böyük həyəcan yaşanıb. Kimyəvi təmizləmə məntəqəsinə gələn agentlər gödəkcənin hələ yuyulmağa göndərilmədiyini və kartın yerində olduğunu gördükdə rahat nəfəs alıblar. İşçilərə baş verən hadisəni unutmaq tövsiyə edilib.
“Nüvə çamadanı” ilə bağlı hadisələr Corc Buş (ata), Bill Klinton dövründə də baş verib. Maraqlıdır ki, üç belə çamadan var. Onlardan ikisi prezident və vitse-prezidentin yanındadır, üçüncüsü isə həmişə Ağ evdədir.
P.ƏFƏNDİ, “Xalq qəzeti”