Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə "Anadolu" agentliyi xəbər verir.
Prezident Ərdoğanı Ciddə əmirinin müavini Bədir bin Sultan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Əs-Səud, Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, Türkiyənin Yəməndəki səfiri Mustafa Pulat və Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Metin Eker qarşılayıb.
Dövlət başçısını səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kacir, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, ticarət naziri Ömər Bolat, Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Fahrettin Altun və başqaları müşayiət edir.
Prezident Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfəri zamanı müvafiq ölkələrlə ikitərəfli əlaqələrin bütün aspektlərini nəzərdən keçirəcək, müxtəlif sahələrdə, xüsusilə iqtisadi və investisiya layihələri üzrə əməkdaşlığın daha da yaxşılaşdırılması səylərini müzakirə edəcək, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
Türkiyə Prezidenti Ciddədəki Əs-Salam sarayında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə danışıqlar aparacaq.
"Xalq qəzeti"