"Vaqner" muzdlu silahlı qruplaşmanın rəhbəri Yevgeni Priqojin silahlı qiyamdan sonra Kremlə çağırılıb və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu barədə "Libération" qəzeti Qərb kəşfiyyatındakı mənbələrə istinadən yazır.
Onların sözlərinə görə, Priqojin bunun üçün iyulun 1-də Moskvaya gəlib və onunla görüşlərdə qruplaşmanın komandirləri də iştirak ediblər. Priqojin Putindən başqa Rusiya Qvardiyasının direktoru Viktor Zolotov və xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkinlə də danışıqlar aparıb. Mənbələr danışıqların təfərrüatlarını açıqlamayıblar.
Priqojinin Sankt-Peterburqda və ya Moskvada olması faktı ötən həftənin sonunda Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən açıqlanıb.
İyunun 24-də televiziya ilə ruslara müraciətində Putin "Vaqner"in başçısını xəyanətdə günahlandırmış və onun hərəkətlərini çar rejiminin 1917-ci ildə aldığı “arxadan bıçaq zərbəsi” ilə müqayisə etmişdi.
"Xalq qəzeti"