Cek Ma ilə Pekin arasındakı münaqişə şirkətlərinə baha başa gəlir

post-img

“Bloomberg” öz hesablamalarına istinadən xəbər verir ki, Çinin milyarder Cek Ma tərəfindən təsis edilmiş “Ant Group” və “Alibaba” şirkətləri iş adamı ilə hakimiyyət arasındakı münaqişə nəticəsində 850 milyard dollardan çox vəsait itirib.

Agentlik xatırladıb ki, milyarder təxminən üç il əvvəl Çin dövlət tənzimləyicisini tənqid etdikdən sonra qəzəbə tuş gəlib. Bundan sonra onun "Ant Group"un bazarlarda səhm yerləşdirilməsi prorsesi ləğv edildi, "Alibaba" isə altı hissəyə bölündü.

"Bloomberg"in məlumatına görə, "Ant Group" dövlət bankları ilə rəqabətdən imtina edərək və bəzi iqtisadi əməliyyatlarını dayandıraraq biznes modelinə yenidən baxmalı olub. Bu səbəbdən şirkətin təxmin edilən dəyəri 315 milyard dollardan 78,5 milyard dollara düşüb. İT sektoruna nəzarəti gücləndirmək qərarına gələn Çin hakimiyyətinin diqqət mərkəzində olduğu üçün "Alibaba"nın özü də ciddi təsirə məruz qalıb.

Agentliyin analitikləri hesab edirlər ki, "Alibaba"nın səhmləri "Ant" ilə bağlı aparılan istintaqın sona çatması fonunda 8% artıb və şirkətin hazırda dəyəri təxminən 234 milyard dollardır. Lakin bu, şirkətin 2020-ci ildəki pik dəyərindən 620 milyard dollar azdır.

Martın sonunda "The Wall Street Journal" yazıb ki, Cek Ma bir il xaricdə qaldıqdan sonra Çinə qayıdıb. Bildirilir ki, iş adamı ötən ilin çox hissəsini Yaponiyada keçirib, Çin Yeni ilini isə Honq-Konqda qeyd edib. Bundan əlavə, o, bu yaxınlarda Sinqapur və Avstraliyaya səfər edib.

S.ELAY,

"Xalq qəzeti"

 

Dünya