KİV: NATO Fransaya görə Tokioda ofisinin açılmasını təxirə salacaq

post-img

Şimali Atlantika Alyansı Tokioda filialının yaradılmasını payıza və ya daha gec müddətə təxirə sala bilər.

Bu barədə “Nikkei” mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, buna səbəb bu ideyaya qarşı çıxan Fransanın mövqeyidir. Ona görə də, qərar üçün zəruri olan bütün NATO üzvlərinin yekdil razılığı “çox çətin görünür”.

İyulun 11-də NATO-nun Vilnüsdə başlayacaq sammitində qərarların qəbul ediləcəyi güman edilirdi. Tokioda ofis açmaq təklifi NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən irəli sürülüb. "Nikkei" qəzetinin həmsöhbətlərinin fikrincə, hazırda Tokio ofisinin açılması NATO sammitinin gündəmində “daha ​​az prioritet” məsələdir. Qəzet yazır ki, blokun ilin sonuna qədər yekun qərar üzərində işləyəcəyi gözlənilir.

NATO və Yaponiya 2007-ci ildən bəri Tokioda alyansın ofisinin açılması imkanını müzakirə edirlər. Yaponiya 2018-ci ildə Brüsseldə alyansda nümayəndəliyini açıb. 2022-ci ildə Yaponiyanın baş naziri Fumio Kişida NATO sammitində iştirak edən ilk yapon lider oldu və eyni zamanda, Litvada keçiriləcək sammitə dəvət edildi.

"Financial Times" yazıb ki, Fransa prezidenti Emmanuel Makron NATO-nu diqqətini alyansın ənənəvi məsuliyyət sahəsi olan Şimali Atlantika bölgəsinə yönəltməyə çağırır. Fransanın Yaponiyadakı səfiri Filip Setton təsdiq edib ki, Paris Çin və digər Asiya dövlətləri ilə münasibətləri gərginləşdirmək istəmədiyi üçün Tokioda NATO ofisinin açılması təklifini dəstəkləməyəcək.

S.ELAY,

"Xalq qəzeti"

Dünya