Ermənistan müdafiə nazirliyinin çağırış bölməsinin rəisi rüşvət müqabilində ordudan möhlət verib

post-img

Ermənistanın istintaq komitəsi rüşvət müqabilində hərbi xidmətə çağırılanlara qanunsuz olaraq möhlət verən cinayətkar qrupun ifşası barədə məlumat yayıb.

Calibre.az-ın məlumatına görə, erməni KİV-ləri yazır ki, qrupun lideri, ER müdafiə nazirliyinin hərbi xidmətə çağırış və səfərbərlik qərargahı idarəsinin hərbi xidmətə çağırış ərazi bölməsinin rəisi V.M.-dir.

“Ermənistan istintaq komitəsinin baş hərbi istintaq idarəsinin xüsusilə əhəmiyyətli işlərin araşdırılması departamentinin Ermənistan Milli təhlükəsizlik xidmətinin hərbi əks-kəşfiyyat baş idarəsi ilə birlikdə apardığı istintaqın gedişində, cinayətkar dəstə üzvlərinin əməllərinin üstü açılıb. Bir sıra istintaq tədbirləri, o cümlədən ondan artıq ünvanda axtarışlar aparılıb.

Məlum olub ki, V.M. özəl tibb mərkəzinin təsisçi direktoru A.M. ilə razılığa gəlib, onun köməyi ilə xidmətdən möhlət üçün rüşvət təklif edən çağırışçılara saxta diaqnozlar qoyulub. Ümumilikdə V.M. səkkiz çağırışçıdan 25 min ABŞ dolları məbləğində rüşvət tələb edib və alıb, onun bir hissəsini (2 min dollardan 3 min dollara qədər) A.M.-yə verib.

Bu iş üzrə təqsirləndirilən şəxslər 6 nəfərdir, onlardan ikisi həbs edilib. Hazırda işin halları araşdırılır”, - deyə məlumatda bildirilir.

"Xalq qəzeti"

Dünya