1-ci liqada çıxış edəcək "İrəvan "FK hazırlıqlara start verdi

post-img

Xəbər verdiyimiz kimi, iyunun 25-də media nümayəndələrini bir araya toplayan “İrəvan” Futbol Klubunun rəhbərliyi yeni yaradılan komandanın məşqçilər korpusunu və futbolçularını ictimaiyyətə təqdim etməklə yanaşı, qədim Azərbaycan şəhərinin adını daşıyan komandanın qarşısında dayanan vəzifələrdən danışmışdılar.

İrəvan FK-nun mətbuat katibi Mübariz Süleymanlının qəzetimizə verdiyi məlumata görə, komanda iyul ayının 7-də isə  ASK Arenada bir araya gələrək məşqlərə başlayıb. 

Məşq öncəsi komandanın rəhbərliyi ad günü münasibətilə İlqar Nuruşovu təbrik edib, ona cansağlığı və karyerasında uğurlar arzulayıb.
Klubun prezidenti Zahid Niyazəliyev komandanın planları barədə məlumat verdi. Sonra bir araya gələn komanda üzvləri isinmə və fiziki hərəkətlərdən sonra baş məşqçi Elbrus Məmmədovun tapşırıqlarını yerinə yetiriblər.

Sonra baş məşqçi Elbrus Məmmədovu və onun köməkçiləri - Adil Məmmədovu və Vidadi Hüseyovu jurnalistlərə təqdim edilib.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə 1-ci Liqa 10 komandanın iştirakı ilə keçiriləcək və “İrəvan” FK bu komandalar arasındadır. Reqlamentə görə, Liqada 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq. Bu şərəfli və məsuliyyətli yolda “İrəvan” komandasına uğurlar arzulayırıq!

"Xalq qəzeti"

 



İdman