NYT: ABŞ və Rusiya jurnalist Evan Gerşkoviç də daxil olmaqla məhbus mübadiləsini müzakirə edir

post-img

Amerika rəsmisi “The New York Times” qəzetinin jurnalisti ilə söhbətində ABŞ və Rusiyanın “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviç də daxil olmaqla məhbusların mübadiləsi ilə bağlı danışıqlar apardığını təsdiqləyib. Dörd gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, məhbus mübadiləsi ilə bağlı Moskva hələ də ABŞ-la əlaqə saxlayır. O, dəyişdirilə biləcək şəxslərin adlarını açıqlamayıb.

“The New York Times” mənbəsinə görə, sövdələşmə ilə bağlı yekun qərar göz önündə deyil. Bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da təsdiqləyib və yalan ümidlər verməmək üçün bu məsələnin müzakirəsində ehtiyatlı olmağa çağırıb. O, bu məsələ ilə bağlı müzakirələrin davam etdiyini etiraf edib.

Evan Gerşkoviç martın 30-da Yekaterinburqda saxlanılıb, ertəsi gün casusluq ittihamı ilə iki ay müddətinə həbs edilib. İyunun 22-də Moskva Şəhər Məhkəməsi jurnalistin həbs müddətini daha iki ay uzadıb. O, avqustun 30-dək həbsdə qalacaq.

FSB-nin məlumatına görə, jurnalist Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumat toplayıb. Jurnalistin müsahibə götürdüyü Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin deputatı Vyaçeslav Veqner bildirib ki, Evan Gerşkoviç ondan "Vagner"in təsisçisi Yevgeni Priqojinlə ünsiyyəti barədə soruşub. Birləşmiş Ştatlar jurnalisti “nahaq yerə həbs edilmiş” hesab edir.

S.ELAY,

"Xalq qəzeti"

Dünya