Tanınmış alimin 80 yaşı qeyd edilib

post-img

         Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsində tanınmış bioloq alim, AMEA-nın müxbir üzvü, ölkəmizin coğrafiyasının bitki aləminin tədqiqində, o cümlədən florogenetika, fitosenologiya, geobotanika və digər sahələrdə böyük elmi xidmətləri olan professor Vaqif Novruzovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. 

         Tədbir iştirakçıları əvvəlcə görkəmli elm xadimlərinin AMEA 

Gəncə bölməsinin binasında sərgilənən portretlərinə baxmış, onların qısa tərcümeyi-halı ilə bir daha yaxından tanış olmuşlar.

         Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq demişdir ki, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzovu nəinki Gəncədə, respublikamızda, hətta onun hüdudlarından kənarda yaxşı tanıyır, görkəmli alimin xidmətlərini yüksək qiymətləndirirlər.

          Elm və Təhsil Nazirliyinin Nəbatat Bağının şöbə müdiri, biologiya elmləri doktoru Aynur Bayramova,  Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova, AMEA Gəncə Bölməsindən Elmi kitabxananın müdiri Vüsalə Hüseynova və başqaları çıxış edərək alimin elmin müxtəlif sahələrindəki xidmətlərindən danışmışlar. 

           Məruzələrdən sonra təbrik çıxışları olmuşdur. AMEA Gəncə Bölməsinin işçiləri Rasim  Tağıyev, Həsənbala Sadıqov,  GDU-nun dosentləri Yeganə Aslanova, Mirzə Həsənov və yubilyarın həyat yoldaşı  dosent Zilxumar İsmayılova çıxış etmiş, öz ürək sözlərini söyləmişlər.

         Yubilyara xatirə hədiyyələri  verilmişdir.

                Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri 

 









Sosial həyat