Ukrayna Domestos, Lipton, Axe, Dove brendlərinin sahibini müharibə sponsorları siyahısına daxil edib

post-img

İstehlak mallarının istehsalçısı "Unilever" (Domestos, Lipton, Axe, Dove və s.) Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin apardığı müharibə sponsorları siyahısına daxil edilib. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Qərar "Unilever"in Rusiyada fəaliyyətini dayandırmadığı və Rusiya dövlət büdcəsinə vergi ödəməyə davam etdiyi üçün qəbul edilib. Milli Agentlik bildirib ki,  "Unilever"in Rusiyadakı törəmə şirkəti "Unilever Rus" 2022-ci il üçün təxminən 50 milyon dollar vergi ödəyib". 

2022-ci ilin mart ayında "Unilever" öz məhsullarının Rusiyaya və Rusiyadan idxalını və ixracını dayandırmışdı. Şirkət, həmçinin bildirmişdi ki, ölkədə yalnız Rusiya istehsalı olan zəruri və gigiyena məhsulları satacaq. İstehsalçı ölkəyə investisiyaların dayandırıldığını da açıqlamışdı. "Unilever" 1991-ci ildən Rusiyada fəaliyyət göstərir. 2023-cü ilin yayında şirkət hələ də Rusiyada fəaliyyət göstərir. 

Bundan əvvəl Avstriyanın bank qrupu "Raiffeisen Bank", "Procter & Gamble", "OpenWay Group", "TMS Tankers", "Leroy Merlin", "Auchan" və bir çox başqaları müharibənin sponsorları siyahısına daxil edilmişdi.

"Xalq qəzeti"

Dünya