Xaçınçay su anbarı tam dolub - sel suları əkin sahələrinin suvarılmasına yönəldilib

post-img

Son günlər aramsız yağan yağışlar nəticəsində Ağdam rayonu ərazisindəki Xaçınçay və Qarqarçaya sel suları gəlib. İşğaldan azad edilmiş ərazilərdən gələn sel suları ilə əkin sahələrinin suvarılmasına başlanılıb. Suvarma işləri Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşlarının nəzarəti ilə həyata keçirilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarənin balansında olan Xaçınçay su anbarının həcmi 23 milyon kubmetrdir. Yağıntılar nəticəsində Xaçınçay su anbarı tam dolub. Su anbarından artıq olan su çaya axır. Selin yaşayış məntəqələrinə, əkin sahələrinə və təsərrüfatlara ziyan vurmaması üçün Ağdam Mexaniki Suvarma İdarəsinin texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub.

Çaya gələn sel sularından suvarmada səmərəli şəkildə istifadə edilir. Su əkin sahələrinə yönləndirilib. Ərazidə elektriklə işləyən subartezian quyularının fəaliyyəti dayandırılıb ki, bu da elektrik enerjisinə qənaət deməkdir.

Xaçınçaya və Qarqarçaya gələn suyun əkin sahələrinə yönəldilməsi fermerlərin də ürəyincədir.

Sosial həyat