2023-cü ilin əvvəlində ABŞ üzərində uçan Çin şarı ABŞ-ın məlumat toplama avadanlığından istifadə edib. Bu barədə Vaşinqton administrasiyasının nümayəndələrinə istinadən Wall Street Journal (WSJ) məlumat yayıb.
Qəzetin yazdığına görə, vurulan Çin şarının qalıqları tədqiq edildikdən sonra ekspertlər onun qismən Amerika alətləri ilə təchiz olunduğunu müəyyən ediblər. Qeyd olunur ki, bu cihazların bəziləri sərbəst şəkildə alına bilər. Bununla belə, ekspertlərin fikrincə, Amerika ərazisi üzərində uçuş zamanı Çin şarı Çinə məlumat ötürməyib. Ehtimal olunur ki, kəşfiyyat məlumatlarının toplanması imkanlarına baxmayaraq, ABŞ ərazisi üzərində hava şarının uçuşu qəsdən olmayıb.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ və Çin Amerika tərəfinin vurduğu Çin şarı ətrafında yaranmış vəziyyəti geridə qoymalıdır.
"Xalq qəzeti"