Fransa iqlim fəalları qrupunu bağlayaraq, onu zorakılığa təhrikdə ittiham edib

post-img

Fransa hökuməti silahlı iğtişaşlar və ya zorakı əməllərə sövq etməyə görə “Les Soulevements de la Terre” (SLT) ekologiya fəalları qrupunun bağlanması barədə qərarını bəyan edib. Hökumətin bu qərarı solçu müxalifət və qeyri-hökumət təşkilatları tərəfindən dərhal tənqidə məruz qalıb.

AZƏRTAC bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir.

Ölkənin daxili işlər naziri Cerald Darmanin “SLT”nin son aylarda hərəkətləri ilə bağlı bir neçə dəfə “ekoterrorizm” barədə xatırladaraq deyib ki, bəzi fəallar “polisə münasibətdə həddən artıq zorakılıq” nümayiş etdiriblər. “Ətraf mühitin müdafiəsi bəhanəsi ilə bu qrup sabotaj və maddi ziyan vurulmasını təşviq edir”, - deyə hökumətin qərarında vurğulanır.

Qərarda, həmçinin polislə qarşıdurmalara gətirib çıxaran bir neçə etiraz aksiyasından, o cümlədən Fransanın qərbində mart ayında fermer su anbarına və ötən həftə Alpda dəmir yollarına qarşı aksiyalardan danışılır.

Hüquq-mühafizə təşkilatları bildiriblər ki, bu addım hökumətin “yaşıl” qrupların maraqlarına qarşı repressiyanı əks etdirir.

“Bu, daha geniş tendensiyanın bir hissəsidir”, - deyə Fransa İnsan Haqları Liqasının (LDH) başçısı Patrik Boduen bildirib. “Son bir neçə ay ərzində bir sıra azadlıqlara (etiraz azadlığı, fikir və assosiasiyaların ifadəsi) hücumlar həyata keçirilib, bu, ilk növbədə, ekoloqların hərəkatına da aiddir”, - deyə Boduen əlavə edib.

Fəal Florian Lemerle “Reuters” agentliyinə bildirib ki, hökumətin qərarından asılı olmayaraq, “SLT” buraxılmaq üçün həddən artıq geniş qrup idi.

“Les Soulevements” 190 yerli komitənin daxil olduğu koalisiyadır.

Dünya