Fransa Ermənistanla hərbi kanal yaradır?

post-img

Fransa Ermənistanla öz hərbi kommunikasiya kanalını yaratmaq istəyir. Bu barədə Fransanın “Intelligence Online” nəşri yazır.

Bunun təzahürü İrəvanda iqamətgahı olan Fransa hərbi attaşesinin mümkün təyinatı ola bilər.

“Paris tezliklə İrəvandakı Fransa səfirliyində iqamətgahı olan hərbi attaşe təyin edə bilər. Belə bir təyinat ilk baxışda kiçik görünsə də, bu, Fransanın Ermənistanla öz hərbi kanalını açmaq və bununla da sonuncunun Moskva ilə müstəsna hərbi əlaqələrinə son qoymaq istəyinin ifadəsi ola bilər",-deyə nəşr əlavə edir.

Bundan başqa, nəşr yazır ki, Fransa İrəvanda yeni hərbi attaşe təyin etməyi planlaşdırmaqla Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışır, lakin regionda “bu yeni rolu ehtiyatla yerinə yetirməli olacaq”.

Qeyd olunur ki, hazırda Fransanın Ermənistandakı attaşesinin vəzifələrini iqamətgahı Gürcüstanda yerləşən polkovnik Frederik Kampos yerinə yetirir. Nəşr onu da qeyd edib ki, 2022-ci ilin aprelində o, Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və Mari-Aqnesin başçılıq etdiyi Fransa Müdafiə nazirliyinin silahlanma üzrə baş idarəsinin (DGA) nümayəndə heyətinin görüşündə iştirak edib. Mari-Aqnesin, nəşrə görə, "Rusiya müdafiə bazarında iş təcrübəsi var".

“Mümkün təyinat Parisin İrəvanla ikitərəfli silahlanma komitəsinin işini bərpa etməsi ilə üst-üstə düşür. Bu qurum Ermənistan müdafiə nazirliyinin strateji planlarını və fransalı istehsalçılardan mümkün alışları müəyyən edir”, – nəşr məlumat verir.

Eyni zamanda, “Intelligence Online” yazır ki, “Ermənistanın maliyyə imkanlarının məhdud olması səbəbindən Fransanın Ermənistandakı hərbi-biznes səyləri o qədər də çox nəticə verməyə bilər”. Onun sözlərinə görə, son bir neçə ildə sabit neft və maliyyə resurslarına malik Bakıya ən çox Fransa müdafiə firmaları cəlb olunub. (haqqin.az)

Hazırladı:

S.ELAY,

"Xalq qəzeti"

"X

Dünya