Türkiyə iqtisadiyyatı texnoloji tərəqqi yolunda

post-img

Türkiyə son illərdə güclü inkişaf yolu keçib. Qardaş ölkə dünyanın sürətlə sənayeləşən ölkələri sırasında önəmli yer tutub. “The World Factbook”da Türkiyə böyük miqyasda inkişafı ilə diqqətçəkən dövlət kimi qeydə alınıb. Kənd təsərrüfatı məhsullarının, tekstil, motorlu nəqliyyat vasitələri, gəmilər və digər nəqliyyat avadanlıqları, tikinti materialları, istehlakçı elektronikası kimi sektorlarda mühüm göstəricilərə nail olub. 

Türkiyə ixrac potensialında da gücünü dünyaya nümayiş etdirib və  2022-ci ildə ixracatı bir il əvvəllə müqayisədə 12,9 faiz artaraq 254,2 milyard dollara çatıb. Hazırda bu ölkə dünyanın ilk 10 ixracatçısı sırasında yer almağı qarşıya mühüm məqsəd kimi qoyub.   

Yeri gəlmişkən, qardaş dövlət uzun illik bir istəyi də reallaşdırıb, tarixi bir addım ataraq, sənayenin növbəti böyük bir uğurunu qeydə alıb. Prezident İlham Əliyevə  hədiyyə olaraq təqdim edilən Türkiyənin ilk yerli elektromobili “Togg” bunun bariz ifadəsi kimi diqqət çəkib. 

Dövlətimizin başçısı həmin təqdimat mərasimində belə bir mükəmməl avtomobilin istehsalını Türkiyənin, Türkiyə sənayesinin növbəti nəhəng bir uğuru kimi dəyərləndirib.  

Qeyd edək ki, 2022-ci il oktyabrın 29-da təqdimatı keçirilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də dövlətimizin başçısı olub. 

Xatırladaq ki, “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi ötən il oktyabrın 29-da gerçəkləşib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. 2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. Müəssisənin açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. İl ərzində 175 min “Togg” avtomobilinin  istehsal olunacağı, 2030-cu ilə qədər istehsal həcminin 1 milyonu ötəcəyi planlaşdırılıb.

Qeyd edək ki, “Togg” elektromobilləri “Pamukkale”, “Anadolu”, “Gemlik”, “Kula”, “Oltu” və “Kapadokya” olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada–200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. 

Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.

Türkiyənin 60 illik istəyinin reallaşması kimi qiymətləndirilən yerli avtomobil “Togg”un T10X modeli üçün sifariş hüququ qazanan 20 min əsas və 20 min ehtiyat qalibin siyahısı da artıq açıqlanıb. Püşkatma nəticəsində T10X modelini almaq hüququ qazanan şəxslərin siyahısı “Togg”un rəsmi internet saytında elan edilib. Bu modeli əvvəlcədən sifariş verən 177 min 467 nəfər arasında 20 min nəfər yerli avtomobil sahibi olub.

Türkiyə bu gün, həm də müdafiə sənayesinin inkişafı ilə diqqət çəkir. Məsələn, qardaş ölkə hazırda səsdən sürətli raketi hava, quru və dəniz platformaları ilə inteqrasiya edir. Xatırladaq ki, bu silahlar analoqsuz xarakterə malik yerli istehsal olması və Türkiyənin silah idxal etmək asılılığını aradan qaldırması baxımından mühüm önəm daşıyır.

Onu da deyək ki, havadan zərbələr kateqoriyasında Türkiyənin “Bayraktar”, “Aksunqur”, “Akıncı” və “Kızılelma” da daxil olmaqla pilotsuz döyüş aparatları beynəlxalq hərbin fırlanma oxuna təsir edir.

Beləliklə, Türkiyədəki ballistik raketlər, hədəfi dəqiq vuran ağıllı sursatlar, hava hücumundan müdafiə sistemləri, tanklar, hava-yer tipli səsdən sürətli raketlər, döyüş gəmiləri və s. beynəlxalq gücləri Türkiyə ilə məsafəli davranışa məcbur edir.

Ümumiyyətlə, Türkiyənin “Baykar”, ASELSAN, ROKETSAN, HAVELSAN kimi müdafiə sənayesi şirkətlərinin istehsal etdikləri hərbi məhsulların siyahısına əlavələr etməsi Azərbaycan üçün də zəruridir.

Türkiyənin sürətli inkişafını səciyyələndirən bir məqama da toxunmaq istərdik. Qardaş ölkə Azərbaycanda qeyri-neft sektoruna investisiya yatıran dövlətlər sırasında 1-ci yerdə qərarlaşır. Türkiyə ilə digər sahələrlə yanaşı, KOB, sənaye, əczaçılıq və tibbi avadanlıqların təchiz olunması, turizm, standartlaşdırma və metrologiya səhələrində də əməkdaşlıq genişlənir. Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirakını dəstəkləyir.

Beləliklə, bu ölkə bütün təzyiqlərə baxmayaraq, iqtisadi inkişafını davam etdirib.  Aparılan geniş islahatlar sayəsində yeni müəssisələrin yaradılması üçün şərtlərin yumşaldılmasına görə, Türkiyə 27 pillə irəliləyərək 190 ölkə arasında 33-cü yerə yüksəlib.

V.BİNYƏTOĞLU,

“Xalq qəzeti”

 

Dünya