Norveç Aİ-yə qaz kəmərləri çəkməyi qənaətbəxş hesab etmədiyini bildirib

post-img

Ötən il Avropa İttifaqına təbii qazın əsas tədarükçüsü kimi Rusiyanı əvəz edən Norveçin gələcəkdə tədarükünü əhəmiyyətli dərəcədə artıracağı ehtimalı yoxdur.

RBK-nın məlumatına görə, bunu Norveçin “Aker BP” neft-qaz şirkətinin baş direktoru Karl Conni Hersvik “The New York Times”ə deyib.

Onun sözlərinə görə, Norveç öz boru kəmərləri şəbəkəsi ilə neft və qaz nəqlini indiki ilə müqayisədə bir qədər də artıra bilər. K.Hersvik ölkənin Avropaya yeni neft və qaz kəmərləri çəkəcəyinə də şübhə etdiyini bildirib. "Bu cür xərcləri ödəmək üçün təxminən 20 il işləmək lazımdır", -deyə şirkət rəhbəri izah etdi.

NYT xatırladır ki, keçən il Avropadakı enerji böhranı fonunda Norveç hökuməti əlavə qaz hasilatına icazə verib. Nəticədə 2022-ci ildə qaz hasilatının səkkiz faiz artması ölkəyə Aİ-də istehlak edilən yanacağın təxminən üçdə birini təmin etməyə imkan verdi.

Eyni zamanda, qəzetin yazdığına görə, rekord qaz hasilatı, eləcə də çox sayda su elektrik stansiyaları norveçliləri elektrik enerjisinin qiymətinin sürətlə bahalaşmasından qoruya bilməyib. İş adamı Kristiansen Svein NYT-yə bildirib ki, qiymətlər bir il ərzində təxminən dörd dəfə artıb.

"Xalq qəzeti"

Dünya