ABŞ Suriyada İŞİD liderini məhv etdi

post-img

ABŞ hərbçiləri Suriyada “İslam Dövləti” terror qruplaşmasının liderlərindən birini məhv edib. Qeyd olunur ki, Xalid Ayad Əhməd əl-Cəburi Avropada terror aktlarının hazırlanmasına cavabdeh olub. Xüsusilə, 2015-ci ildə Parisdə baş verən hücumun təşkilində onun əlinin olduğu bildirilir. 

“Aprelin 3-də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Suriyada İŞİD-in yüksək rütbəli lideri Xalid Ayad Əhməd əl-Cəburini öldürüb”, - CENTCOM-un çərşənbə axşamı yaydığı bəyanatda deyilir. Qeyd edilir ki, terrorçu “Avropada hücumların planlaşdırılmasına və İŞİD-in təşkilati strukturunun hazırlanmasına cavabdehdir”.

Bu, ABŞ-ın Suriyada İŞİD liderlərinə qarşı keçirdiyi ilk əməliyyat deyil. Ən səs-küylü hadisə 2019-cu ildə ilk İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin, 2022-ci ildə - fevral və noyabr aylarında onun varislərinin də eyni aqibətlə məhv edilməsi olub. 

CENTCOM son əməliyyatın təfərrüatlarını açıqlamasa da, Suriya müxalifətinə, Suriyada İnsan Haqlarına Nəzarət Mərkəzinə yaxın mənbələrin məlumatına görə, İŞİD lideri İdlib əyalətində pilotsuz təyyarənin hücumu nəticəsində öldürülüb. 

Terrorçunun İdlibə on gün əvvəl gəldiyi bildirilir. Ərəb mətbuatında yayılan məlumata görə, Xalid Ayad Əhməd əl-Cəburi Suriyanın şərqindəki Deyr əz-Zorda doğulub və İŞİD-də xarici əməliyyatlara rəhbərlik edib. O, terrorçuların toplanmasına və onların hazırlanmasına nəzarət edirdi. Xüsusilə, 2015-ci ilin noyabrında Parisdə 130 nəfərin ölümü ilə nəticələnən, 2016-cı ilin iyulunda 86 nəfərin ölümü ilə nəticələnən Nitsada, habelə Belçika və İspaniyada baş verən hücumların təşkilində onun əli var.

CENTCOM vurğulayıb ki, hücum zamanı mülki şəxslərdən heç kim xəsarət almayıb. Sənəddə, həmçinin vurğulanır ki, Xalid Ayad Əhməd əl-Cəburinin ölümü “qrupun xarici hücumları planlaşdırmaq qabiliyyətini müvəqqəti pozur”. Eyni zamanda, ABŞ ordusu etiraf edir ki, “İŞİD təhdid yaratmağa davam edir” və strukturunun zəifləməsinə baxmayaraq, “hələ də regionda əməliyyatlar apara bilir və Yaxın Şərqdən kənarda da zərbələr endirməyə cəhd edə bilər”. Bununla bağlı CENTCOM tərəfdaşları ilə birlikdə İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları davam etdirəcəyini bəyan edib.

Xatırladaq ki, ABŞ 2014-cü ildə İŞİD-ə qarşı mübarizə aparmaq üçün beynəlxalq koalisiya qüvvələrinə rəhbərlik edib. 2021-ci ilin dekabrında İraqda təxminən 2,5 min ABŞ əsgəri qalıb və onların missiyası yardımçı və təlim missiyasına çevrilib.

"Xalq qəzeti"

Dünya